ABŞ-nin Kentucky ştatında bir ailənin 6 nəslini bir araya gətirən görüntü sosial şəbəkələrdə böyük maraq doğurub.
Ölkə.az xəbər verir ki, 98 yaşlı Kordeliya Mey Hokins yaşadığı qocalar evində ailəsi tərəfindən ziyarət olunarkən həyatının ən xüsusi görüşlərindən birini yaşayıb: cəmi 7 həftəlik kötücəsi Javia Daniel ilə ilk dəfə qarşılaşıb.
Bu görüş eyni anda tam 6 qadın nəslinin bir araya gəlməsi ilə daha da xüsusi məna qazanıb. Nadir rast gəlinən bu ailə zənciri görən hər kəsi duyğulandırıb.
Ailə yaxınlarının sözlərinə görə, Kordeliya Mey Hokins körpəni qucağına alanda böyük sevinc və həyəcan yaşayıb. Körpə narahat olmağa başlayanda isə onu sakitləşdirmək üçün yenidən qucağına almaq istəyib və qısa zamanda sakitləşdirməyi bacarıb.
Həmin anları əks etdirən foto isə qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Görüntü yalnız bir ailə görüşü kimi deyil, həm də nəsillərarası sevgi, həyatın davamlılığı və ailə mirasının simvolu kimi paylaşılaraq böyük maraq doğurub.

Həmidə İbrahimova