AZ

Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır İlqar Orucovdan sərt REAKSİYA

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Şagirdlərin dərsdən yayınaraq repetitor hazırlıqlarına üstünlük verməsi təhsil sosiologiyası və idarəetməsi baxımından paralel təhsilin rəsmi təhsil sistemini üstələməsi böhranıdır. Bu tendensiya struktur, metodoloji və iqtisadi disbalansın göstəricisidir. İlk növbədə düşünürəm ki, məktəb kurikulumunun hədəflədiyi kompetensiyalar tənqidi təfəkkür və yumşaq bacarıqlar ilə mərkəzləşdirilmiş qəbul imtahanlarının tələb etdiyi mexaniki testetmə texnikaları uzlaşmır. Bu problemin əsas səbəblərindən biri də məhz budur".

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi.

Onun sözlərinə görə, bəzən repetitorluğun ləğv olunması ilə bağlı fikirlər səsləndirilir:

"Halbuki repetitorluq dünyanın hər yerində, bütün ölkələrdə mövcuddur. Təhsil səviyyəsi yüksək olan ölkələrdə də repetitorluq var. Sadəcə orada repetitorluğun mahiyyətində uşağın ali təhsil müəssisəsinə qəbul olunması yox, onun daha dərin bilik və bacarıqlar əldə etməsi dayanır. Məsələn, valideyn övladının riyazi və ya dil biliklərini daha da inkişaf etdirmək istəyirsə, repetitor xidmətindən istifadə edir. Bu bir xidmətdir və bunu qadağan etmək mümkün deyil. Əgər şəxs vergisini ödəyirsə, dövlət qanunları çərçivəsində fəaliyyət göstərirsə, ona hansı əsasla qadağa qoymaq olar? Təbii ki, bu mümkün deyil. Mən repetitor fəaliyyəti ilə məşğul olmuram, ümumiyyətlə hər hansı kursun sahibi də deyiləm. Amma düşünürəm ki, repetitorluğun ləğv olunması ilə bağlı həvəskar yanaşmalar yersizdir".

Müsahibimizin fikrincə, bu gün Azərbaycanda repetitorluq olmasa, ali məktəblərdə plan yerlərinin böyük hissəsi boş qala bilər.

"Burada akademik yükün asimmetriyası da müşahidə olunur. Buraxılış və qəbul imtahanlarının proqramı şagirdin məktəb vaxtı çərçivəsində mənimsəyə biləcəyi optimal yükü aşır. Problemlərdən biri də budur. Digər tərəfdən, bir çox müəllim məktəbdə keyfiyyətli tədris aparmır və şagirdə müəyyən mənada müştəri kimi yanaşır. Hesab edirəm ki, bu, müəllim etikasının pozulmasıdır və burada maraqların toqquşması da ortaya çıxır. Müəllim əməyinin stimullaşdırılması istiqamətində son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən müsbət addımlar atılıb. Sertifikasiya prosesi tətbiq olunub və əməkhaqqına differensial yanaşma formalaşdırılıb. Amma hesab edirəm ki, burada müəyyən problemlər var. Məsələn, 31-50 bal toplayan müəllimlərə 10 faiz, 51 baldan yuxarı nəticə göstərənlərə isə 35 faiz əməkhaqqı artımı tətbiq olunur. Məncə, bu yanaşmanın özündə problem var. Differensial yanaşma daha dəqiq tətbiq olunsa, müəllimlərin stimullaşdırılması baxımından daha faydalı olar"ş

Ekspert qeyd etdi ki, ən azı hər 5 bal artım üzrə differensial yanaşma tətbiq olunsa, bu daha səmərəli nəticə verər:

"Bu həm də müəllim əməyinin stimullaşdırılması baxımından daha düzgün mexanizm ola bilərdi. Belə olduqda fərdi repetitorluq müəllim üçün əsas gəlir mənbəyinə çevrilməz və müəllimin enerjisi məktəbdənkənar fəaliyyətə yönəlməzdi. Açığını deyim ki, mən repetitor müəllimlər tanıyıram və onların heç də hamısı bu fəaliyyətdən razı deyil. Çünki hər kəsin şəxsi həyatı, ailəsi və istirahət ehtiyacı var. Amma differensial yanaşma düzgün qurulmadığı üçün müəllim məcbur qalır ki, dərsdən sonra repetitor fəaliyyəti ilə məşğul olsun. Digər tərəfdən, pedaqoji differensiasiyanın olmaması, 25-30 nəfərlik siniflərdə fərdi yanaşmanın tətbiq edilə bilməməsi şagirdləri mikroqruplara və fərdi hazırlıqlara yönləndirir. Məncə, problemlərdən biri də budur. Burada idarəetmə problemləri də mövcuddur. Məktəb rəhbərliyinin hesabatlılığı məsələsi ciddi problemdir. Məktəb rəhbəri və pedaqoji heyət şagirdin yekun imtahan nəticələrinə görə birbaşa hüquqi və ya maddi məsuliyyət daşımır. Bundan əlavə, yuxarı siniflərdə davamiyyətə keyfiyyət göstəricisi kimi yox, formal statistika kimi yanaşılır".

İlqar Orucov bildirdi ki, yuxarı siniflərdə əksər şagirdlərin məktəbə getmədiyini görürük və hamı bilir ki, bəzi hallarda direktorlar müəyyən maraqlar müqabilində buna göz yumurlar.

"Bu, çox utancverici münasibətdir. Jurnalist araşdırması aparılsa, məlum olar ki, yuxarı sinif şagirdlərinin böyük hissəsi məktəbə getmir və buna bilərəkdən şərait yaradılır. Bu artıq heç kimə sirr deyil və məktəb üçün ciddi utanc mənbəyidir. Məktəb rəhbəri də anlayır ki, 11-ci sinif şagirdi yalnız məktəb biliyi ilə universitetə qəbul ola bilməyəcək. Burada həm maddi maraq, həm də məktəbin göstəricilərini formal şəkildə yüksək göstərmək marağı var. Nəticədə yuxarı siniflərdə davamiyyət formal xarakter daşıyır və bu problem mütləq aradan qaldırılmalıdır. Digər tərəfdən, hazırlığa getmək cəmiyyətdə uğurun yeganə legitim yolu kimi qəbul olunur. Bu isə məktəbin sosial institut kimi nüfuzunu ciddi şəkildə zəiflədir, hətta demək olar ki, sıfırlayır. Bütövlükdə bu vəziyyət məktəb mühitinin funksionallığını itirməsi deməkdir. Şagird təhsil müəssisəsini bilik mənbəyi kimi yox, sadəcə attestat almaq üçün hüquqi öhdəlik yeri kimi görür. Bunlar bizim cəmiyyətimizin və məktəb sistemimizin reallıqlarıdır", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
redaktor.az

1Mənbələr