AZ

Mədəsində problem olanlar- panik atak keçirir



Son illərdə aparılan tibbi araşdırmalar göstərir ki, bağırsaq və beyin bir-biri ilə çox güclü əlaqədə işləyir. Buna “bağırsaq-beyin oxu” deyilir. Yəni insanın mədəsində, bağırsağında baş verən problemlər təkcə həzmi deyil, emosional vəziyyəti də təsirləndirə bilir.

Medicina.az xəbər verir ki, çox insan panik atak zamanı ürək döyüntüsü, nəfəs çatmaması, qorxu, titrəmə və boğulacaqmış hissi yaşayır. Maraqlıdır ki, bəzi hallarda bu vəziyyətin kökündə mədə-bağırsaq sistemi problemləri dayanır.

Bağırsaq və beyin necə əlaqəlidir?

Bağırsaqlarda milyonlarla sinir hüceyrəsi mövcuddur. Hətta alimlər bağırsaqları “ikinci beyin” adlandırırlar. Serotonin hormonunun böyük hissəsi də məhz bağırsaqlarda istehsal olunur. Serotonin isə insanın sakitliyi, rahatlığı və emosional balansı üçün vacibdir.

Əgər bağırsaq florası pozulursa, iltihab artırsa və ya həzm sistemi zəifləyirsə, bu zaman beyinə stress siqnalları gedə bilər. Nəticədə:
səbəbsiz narahatlıq,
daxili gərginlik,
qorxu hissi,
panik ataka bənzər hallar yarana bilər.

Hansı mədə-bağırsaq problemləri panik hisslərini artıra bilər?

1. Qastrit və reflüks

Mədədə yanma, qaz, boğazda düyün hissi və nəfəs darlığı panik hissini artırır. Xüsusilə gecələr reflüks yaşayan insanlarda qorxu dalğaları daha çox görülə bilər.

2. Bağırsaq disbiozu - disbakterioz

Yəni faydalı bakteriyaların azalması. Bu zaman insan:
əsəbi,
həssas,
gərgin,
tez təşvişə düşən ola bilər.

3. Şişkinlik və qaz problemi

Qarında sıxılma diafraqmaya təzyiq edir və nəfəsalma dəyişir. Bu da beyində “təhlükə siqnalı” yarada bilər.

4. Dəmir, B12 və maqnezium çatışmazlığı

Həzm sistemi zəifləyəndə vitaminlərin sorulması pozulur. Bu çatışmazlıqlar isə:

ürək döyüntüsü,
halsızlıq,
başgicəllənmə,
panik hissləri yarada bilər.
Panik atak yaşayan insanlar nəyi müşahidə etməlidir?
Əgər sizdə:
panik hissindən əvvəl mədə sıxılması,
qaz,
ürəkbulanma,
qarında köp,
boğazda yanma,
həzm pozuntusu yaranırsa,
o zaman problem təkcə psixoloji deyil, həm də həzm sistemi ilə əlaqəli ola bilər.

Nə etmək olar?

Qidalanmanı düzənləmək
Şəkər və çox işlənmiş qidaları azaltmaq
Kifayət qədər su içmək
Probiyotik dəstəyi almaq
Yuxunu normallaşdırmaq
Kofein və enerji içkilərini azaltmaq
Lazım olduqda qastroenteroloq və nevroloqa müraciət etmək.

Aygün Musayeva

Seçilən
54
1
medicina.az

2Mənbələr