Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Sürət və miqyasda yaşıl əlverişli mənzil - dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması” mövzusunda sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) əsas enerji səmərəliliyi üzrə mütəxəssisi Boyan Boqdanoviçin moderatorluğu ilə aparılan müzakirələrdə yaşıl əlverişli, davamlı və yerli mənbəli evlərin qurulmasının vacibliyi vurğulanıb.
Nayrobi Şəhər İcraiyyə Komitəsinin üzvü Maureen Aqnes Nieri bütövlükdə Afrika qitəsini formalaşdıran demoqrafik dinamika fonunda həm əlverişli, həm də yaşıl olan mənzillərin təmin edilməsinin vacibliyini bildirib. O, Nayrobi şəhərinin bu mövzulara necə yanaşdığı, yerli hökumət olaraq hansı xüsusi problemlərlə üzləşdiyini və şəhərin inkişafına necə reaksiya verdiyi barədə məlumat verib.
“Biz bu gün planlaşdırma və gələcək nəsil üçün də davamlı olan sərfəli mənzili necə çatdırdığımıza baxmadan əlverişli mənzilə sahib ola bilmərik. Nayrobi bu gün Afrikanın ən sürətlə böyüyən şəhərlərindən biridir. Ölkəmizdə hər il minlərlə insan kənddən köçüb, şəhərə gəlir, fürsət axtarmağa, dolanmağa çalışır. Təbii ki, bu, mənzil tələbi, infrastruktur baxımından çox təzyiqə səbəb olur. İndi davamlı enerji şəbəkəli şəhərləri necə quracağımızla bağlı planlarla məşğul olduğumuz vaxtdır”.
Daha sonra çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) davamlı inkişaf eksperti Marko Musolena, Azərbaycan Yaşıl Tikinti Şurasının sədri Fuad Bağırov, Şəhərlərin İqlim Maliyyələşməsi Liderlik Alyansının (CCFLA) direktor müavini Priscilla Negreiros, Serbiyanın Məkan və Şəhərsalma Agentliyinin inkişaf üzrə meneceri Sinisa Trkulya sərfəli mənzil sxemi, enerjiyə qənaət edən binaları təşviq etmək, şəhərləri iqlimə davamlılıq baxımından necə inteqrasiya etmək və bu istiqamətdə investorlarla tərəfdaşlıq barədə fikirlərini bölüşüblər. Vurğulanıb ki, əlverişli mənzillər üçün bu mənzilləri dəstəkləyən, iqlim dəyişikliyinə tab gətirə bilən və iqlimə davamlı infrastrukturun qurulmalıdır. Bildirilib ki, ən azı 30 milyon insan iqlim dəyişikliyi səbəbindən köç edib. Həmçinin əlverişli mənzil, dekarbonizasiya, bərpaolunan və təmiz enerjiyə əsalanmalıdır. Bu baxımdan səmərəlilik, daha yaxşı enerji materialından istifadə, nəqliyyatın təsiri, daxili mühitin keyfiyyəti və emissiyalar, ətraf mühitin karbon balansı kimi məsələlərin planlaşdırılması olduqca vacibdir.