Avropa İttifaqı (Aİ) Ukraynaya veriləcək kredit dəstəyi çərçivəsində 3,2 milyard avroluq ilk ödənişin yolunu açacaq anlaşma memorandumunun imzalandığını bildirib.
AFN.az xəbər verir ki, Aİ Komissiyası Ukraynaya veriləcək kredit çərçivəsində makro-maliyyə yardımı ilə bağlı anlaşma memorandumunun Aİ Komissiyasının iqtisadiyyatdan məsul üzvü Valdis Dombrovskis tərəfindən bu gün imzalandığını açıqlayıb.
Açıqlamada memorandumun kredit hissələrinin təxmini məbləği və makro-maliyyə yardımı ödənişləri üçün yerinə yetirilməli olan şərtlər də daxil olmaqla, dəstəyin əsas şərtlərini ehtiva etdiyi bildirilib.
Kredit şərtləri arasında Ukraynanın demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə və insan haqlarına hörmət kimi tələblərin yer aldığına işarə edilən açıqlamada, memorandumun hər kredit hissəsindən əvvəl Ukraynanın yerinə yetirməli olduğu siyasət şərtlərini ortaya qoyduğu qeyd olunub.
Açıqlamada Ukraynaya ediləcək ilk ödəniş üçün müəyyən edilən şərtlərin rəqəmsal platformalar vasitəsilə əldə edilən gəlirlərin vergiləndirilməsinə yönəlmiş addımlar, dövlət investisiyaları üçün sektoral strategiyaların hazırlanması və Ukrayna gömrük qanununun yenilənməsini əhatə edən tədbirlər olduğu, həmçinin memorandumun Ukrayna tərəfindən imzalanmasından sonra qüvvəyə minəcəyi ifadə edilib.
Aİ ölkələri daha əvvəl Ukraynaya 2026-2027-ci illər üçün ümumilikdə 90 milyard avroluq kredit dəstəyi təmin etmək barədə razılığa gəlmişdilər.
İmzalanan anlaşma memorandumu bu paketin necə tətbiq olunacağını, ödənişlərin hansı şərtlərlə həyata keçiriləcəyini və Ukraynanın hansı islahatları yerinə yetirməli olduğunu müəyyən edən texniki və hüquqi çərçivəni yaradır.
Memorandum ilə Ukraynaya ilk mərhələdə iyun ayının ortalarında 3,2 milyard avroluq ödənişin edilməsinin yolu açılmış olur.