AZ

Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb

Mayın 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbə və professor-müəllim heyəti üçün "Rəqəmsal cinayət təqibi: maddi daşıyıcılardan bulud texnologiyalarına" mövzusunda mühazirə keçirilib.

Tədbiri açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və Qarabağ Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə kadr hazırlığına göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyinə təşəkkürünü bildirib.

AzNews.az xəbər verir ki, Mühazirədə müasir dövrdə rəqəmsallaşmanın hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə təsiri, cinayət-prosessual hüquqda sübutetmənin klassik yanaşmalardan rəqəmsal müstəviyə keçidi, eləcə də informasiya texnologiyalarının inkişafı fonunda sübut anlayışının transformasiyası barədə ətraflı məlumat verilib.

Həmçinin hüquqi dövlət prinsipləri çərçivəsində sübutetmənin mahiyyəti, cinayət-prosessual hüquqda sübutların rolu və cəmiyyətin texnoloji inkişafı ilə əlaqədar yaranan yeni hüquqi çağırışlar diqqətə çatdırılıb.

Mühazirə zamanı sübutların prosessual forması, kriminalistik xüsusiyyətləri, əməlin tövsifinə təsiri, onların toplanması, yoxlanılması və qiymətləndirilməsi mexanizmləri nəzəri və praktiki aspektlərdən izah olunub.

Bununla yanaşı, sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi məsələlərinə toxunularaq, müxtəlif hüquq sistemlərində, xüsusən də ölkəmizdə bu institutun tətbiqi xüsusiyyətləri və xarici ölkələrin təcrübəsi barədə müqayisəli təhlillər aparılıb.

Mühazirədə həmçinin sübutetmə yükünün mahiyyəti, prosessual subyektlərin bu sahədə hüquq və vəzifələri, təqsirsizlik prezumpsiyası ilə sübutetmə yükü arasında qarşılıqlı əlaqə, eləcə də beynəlxalq konvensiyalar və hüquq doktrinalarında formalaşmış yanaşmalar barədə ətraflı məlumat verilib.

Rəqəmsal sübutların əldə olunması, saxlanılması və istifadəsi zamanı prosessual təminatların qorunmasının əhəmiyyəti vurğulanaraq, rəqəmsal transformasiya şəraitində fundamental hüquq və azadlıqların müdafiəsi ilə effektiv cinayət təqibi arasında balansın təmin edilməsinin vacibliyi qeyd edilib.

Qeyd olunanlarla yanaşı rəqəmsal sübutların texniki xüsusiyyətləri, elektron məlumat daşıyıcıları, bulud texnologiyaları və kiberməkanda formalaşan məlumatların hüquqi qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Seçilən
29
19
aznews.az

10Mənbələr