AZ

Rikardo Saviqliano: Daha çox şəhər üzərinə karbonsuzlaşdırma öhdəliyi götürməlidir

Bakı, 20 may, AZƏRTAC

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhər-Sənaye-İqlim: Qarşılıqlı əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması” mövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada BMT-nin Sənaye İnkişafı Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən gələn mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları iştirak ediblər.

BMT-nin Sənaye İnkişafı Təşkilatının Enerji Sistemlərinin və Sənaye Karbonsuzlaşdırılması bölməsinin rəhbəri Rikardo Saviqliano bildirib ki, dünyada 14 min icma BMT-nin “Merlərin İqlim və Enerji üzrə Qlobal Razılaşmasına” qoşulub və karbon emissiyasının azaldılması üçün öhdəlik götürüb: “Dünyada getdikcə daha çox sayda şəhər uzunmüddətli perspektivdə sıfır tullantıya nail olmaq üçün hədəfləri müəyyən edərək öz öhdəliklərini daha da irəli aparırlar. Bunların arasında dünyanın 52 ölkəsindən 145 şəhər Şəhər Keçidi Missiyasına (Urban Transition Mission) qoşulub və şəhər keçidini reallaşdırmaq üçün sistemli tədbirlərə keçirirlər”.

Sonra Milli Məclisin deputatı Pərvanə Vəliyeva, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin direktoru Aysel Yaqubova, hindistanlı mütəxəssis Shinq Çanq və başqaları çıxış edərək karbonsuzlaşdırmanın metod və yollarından danışıblar.

Qeyd olunub ki, dünyanın bir çox şəhərlərində nəqliyyatı velosipedlər əvəz edir, ictimai nəqliyyatın isə elektromobillərə keçidi tədricən təmin edilir.

Seçilən
15
azertag.az

1Mənbələr