AZ

Şoyqu: Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır » AzadMedia.az

Şoyqu:

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya-Ermənistan münasibətləri ilə bağlı bir sıra açıqlamalar verərək, Ermənistan iqtisadiyyatının Rusiya ilə əməkdaşlıqdan ciddi şəkildə asılı olduğunu bildirib və İrəvanın son xarici siyasət kursunu tənqid edib.

Şoyqunun sözlərinə görə, Rusiya Ermənistana təbii qaz, un, taxıl, gübrə və benzini dünya bazar qiymətlərindən üç dəfə ucuz qiymətə ixrac edir. O qeyd edib ki, Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracının 98 faizi, güclü alkoqollu içkilərin ixracının isə 78 faizi məhz Rusiya bazarının payına düşür.

Rusiyalı rəsmisi əmək miqrasiyası məsələsinə də toxunaraq bildirib ki, Ermənistan vətəndaşları Rusiyada kvota, patent və iş icazəsi olmadan çalışırlar. Onun sözlərinə görə, 2025-ci ildə Rusiyada çalışan ermənilər vətənlərinə təxminən 3,9 milyard dollar vəsait köçürüblər ki, bu da Ermənistan iqtisadiyyatı üçün mühüm pay təşkil edir.

Şoyqu həmçinin vurğulayıb ki, 2025-ci ildə Ermənistana gələn turistlərin təxminən 40 faizi Rusiyadan olub və onların xərcləri ölkə iqtisadiyyatına ciddi dəstək verib.

Bununla yanaşı, o, İrəvanın xarici siyasət kursunu sərt tənqid edib. Şoyqu bildirib ki, 2025–2026-cı illərdə Ermənistanın strateji tərəfdaşları sırasında Moskvanın “dost olmayan dövlətlər” hesab etdiyi ölkələr yer alıb. O, xüsusilə Volodimir Zelenski üçün Avropa Siyasi Birliyinin sammit platformasının təqdim edilməsini “nasizmə qarşı mübarizədə iştirak etmiş ermənilərin xatirəsinə hörmətsizlik” kimi qiymətləndirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, rus və erməni xalqlarını çoxəsrlik münasibətlər və ortaq tarix birləşdirir. O, Rusiyanın 1990-cı illərdə Ermənistanın suverenliyinin qorunmasında mühüm rol oynadığını da iddia edib.

Şoyqu Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq perspektivlərinə də toxunaraq, Ermənistanın ərik, forel və mineral su məhsullarını Avropa bazarına hansı şərtlərlə çıxarmağı planlaşdırdığını sual edib.

Sonda o bildirib ki, Rusiya ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olaraq qalır. Bununla belə, Şoyqu münasibətlərin “ikitərəfli hərəkət edən küçə” prinsipi əsasında qurulmalı olduğunu vurğulayıb.

Seçilən
16
1
azadmedia.az

2Mənbələr