AZ

Ekspert: Dəmir yolu əlaqəsinin yenidən açılması Gürcüstanda çox vacib məqam kimi qarşılandı

Tbilisi, 20 may, AZƏRTAC

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkili, xüsusən də tədbir çərçivəsində Azərbaycan və Gürcüstan hökumətlərinin imzaladıqları sənədlər bizim üçün çox vacib məsələdir. Mən bu əlamətdar hadisələr münasibətilə hər iki tərəfi təbrik edirəm.

Bu sözləri AZƏRTAC- a açıqlamasında gürcü siyasi şərhçi Giorgi Xaindrava deyib.

Ekspert bildirib ki, Bakı ilə Tbilisi arasında sərnişin qatarları xidmətlərinin bərpası şəxsən onu çox sevindirib: “Mən uşaqlıqda, gənclik illərimdə Bakıya həmişə qatarla gedib-gəlmişəm. Ona görə də bu xəbər bizim üçün çox önəmlidir”.

Giorgi Xaindravanın sözlərinə görə, dəmir yolu əlaqəsinin yenidən açılması Gürcüstanda çox vacib məqam kimi qarşılanıb: “Bu, insanlar arasında əlaqələr baxımından da önəmlidir. Çünki Gürcüstanda təxminən yarım milyon azərbaycanlı yaşayır və onların da rahat şəkildə səyahət etməsi üçün bu, çox vacibdir. Hər zaman təyyarə ilə səyahət mümkün olmur, qatar isə həm daha qısa, həm də daha komfortlu bir alternativdir”.

“Gürcüstanda bu qərar çox müsbət qarşılanıb, çünki bu, həm də turizm sahəsində yeni imkanlar açır. Dəmir yolu həm daha əlçatan, həm də daha rahat nəqliyyat vasitəsidir. Ümid edirik ki, quru nəqliyyat əlaqələrinin genişlənməsi insanlar arasında ünsiyyəti və qarşılıqlı əlaqələri daha da asanlaşdıracaq” – deyə ekspert bildirib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
14
1
azertag.az

2Mənbələr