Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumun 13-cü Sessiyası çərçivəsində mayın 20-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, "Dövrənin bağlanması: Tullantıların idarə edilməsinin dairəvi iqtisadiyyata doğru irəlilədilməsi" adlı tədbirdə çıxış edən Uqandanın Kampala şəhərində fəaliyyət göstərən "Waste Plus" şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Sinan Kitayemba gənclər tərəfindən idarə olunan sosial müəssisələrinin fəaliyyətindən danışıb. Şirkət plastik tullantıları hasar dirəkləri, plastik taxta və boruları tikinti materiallarına çevirərək həm ətraf mühitin qorunmasına töhfə verir, həm də "yaşıl gəlir" imkanları yaradır.
Sinan Kitayemba uşaqlıq dövründə plastik polietilen torbalardan futbol topları hazırladıqlarını və dərzi olan anasının evdəki parça qırıntıları ilə gördüyü işlərin onda yaradıcılıq və ekologiyaya həvəs yaratdığını deyib.
O, tədbir iştirakçılarına innovativ yanaşmaları, həmçinin bu sahədəki təcrübələri haqqında məlumat verib.
Yaponiyanın Fukuoka Universitetinin Mühəndislik fakültəsinin professoru Yasushi Matsufuji tullantıların idarə edilməsinin tarixi və gələcəyi haqqında vacib mesajlar verib. Professor öz karyerasına 1970-ci illərdə Yaponiyanın sürətli əhali artımı, şəhərsalma və sənayeləşmə dövründə başladığını bildirib.
Yasushi Matsufuji həmin dövrdə texnologiyanın tempə ayaqlaşa bilmədiyini və nəticədə sadə zibilxanaların qoxu, sızan çirkab suları, metan qazı səbəbindən yaranan yanğınlar, həmçinin yeraltı suların çirklənməsi kimi ciddi problemlərə yol açdığını vurğulayıb. Professorun sözlərinə görə, Yaponiya 50 il əvvəl yaşadığı bu çətinliklərlə bu gün Afrika, Asiya və Latın Amerikasındakı bir çox inkişaf etməkdə olan şəhərlər mübarizə aparır.
Tədbirdə tullantıların idarə edilməsi sahəsində innovasiyaların və təcrübə mübadiləsinin dairəvi iqtisadiyyatın tamamlanması üçün nə qədər zəruri olduğunu vurğulanıb.
Fotoqraf İlkin Cavanşirov