AZ

Pakistanın nəhəng mənzil layihəsi WUF13-də nümayiş olunur - REPORTAJ, FOTOLAR

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 19-da Pakistanın ən böyük əyaləti olan Pəncab əyalətinin pavilyonunun açılış mərasimi keçirilib.

Açılışda Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif  də iştirak edib.

f34d87d9-33b8-4ddf-b97d-cfcfe00f1090.jpeg

Musavat.com-un əməkdaşı Pakistan pavilyonunda Pəncab Mənzil və Şəhərsalma Agentliyinin baş direktoru Məhəmməd Sani İshan ilə söhbətləşdib. O, bildirib ki, Pakistan pavilyonunda dünyanın ən böyük faizsiz mənzil proqramlarından biri olan “Apni Çat Apna Ghar” proqramı təqdim olunur:
“Bu ifadə “Mənim damım, mənim evim” mənasını verir. Proqram çərçivəsində insanlara ev tikintisi üçün faizsiz kreditlər təqdim olunur. Kredit məbləği 1,5 milyon Pakistan rupisinə qədərdir və bu vəsait doqquz il ərzində aylıq 14 min rupi olmaqla bərabər hissələrlə geri ödənilir. Bu günə qədər 100 min ev tamamlanıb, 160 min kredit ayrılıb. Biz Pəncabda mənzil sektorunda əsl dönüş yaradırıq. Pakistan pavilyonunda iştirak etməklə bu uğur hekayəsini dünya ilə bölüşmək və Pəncabda mənzil problemini necə həll etdiyimizi nümayiş etdirmək istəyirik”.

47506624-3c1c-4400-9e4d-afc97c7aae06.jpeg

Pakistanlı nümayəndə qeyd edib ki, urbanizasiya artıq qlobal çağırışa çevrilib: “Bu, yalnız bir ölkənin və ya regionun problemi deyil. Həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələr ciddi urbanizasiya problemləri ilə üz-üzədirlər. Ən böyük problemlərdən biri iqlim dəyişikliyidir. Sürətli urbanizasiya həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. İnfrastruktur və xidmətlərlə artan tələbat arasındakı fərq genişlənir. Yaşayış xərcləri artır, tikinti və kirayə qiymətləri yüksəlir, mənzil çatışmazlığı yaranır.
Bütün bu problemlər bir araya gəldikdə ciddi çətinliklər yaradır. Pakistan kimi inkişaf etməkdə olan ölkələrdə isə əlavə olaraq təmiz içməli su, enerji çatışmazlığı, ərzaq təhlükəsizliyi və yaşıl ərazilərin azalması kimi problemlər də mövcuddur. Zaman keçdikcə bu məsələlər daha da mürəkkəbləşib”.
Həmsöhbətimiz hesab edir ki, Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq platformalar ölkələrin birgə həll yolları tapmasına mühüm töhfə verə bilər:

3efb17a6-8cfd-4a86-9e86-945e62ead30d.jpeg

“Biz Azərbaycana heyran olmuşuq. Bura çox gözəl ölkədir, insanları isə olduqca qonaqpərvərdir. Təşkilati işlər yüksək səviyyədə qurulub və bu forum çox böyük beynəlxalq platformadır.

Burada iştirak etmək fürsəti qazandığımız üçün çox məmnunuq”, pakistanlı qonaq bildirib.

Nigar Həsənli
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr