AZ

Əliyevin “önləyici şaxələndirmə kursunun” üstünlüyü təsdiqlənir...



Azər Allahverənov: “Bütün bunların əldə edilməsi ölkənin xarici siyasət kursunun praqmatikliyindən irəli gəlir”

“Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir”. Bunu Prezidenti İlham Əliyev "Euronews" televiziyasına verdiyi müsahibədə deyib.

“Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq”, - Prezident diqqətə çatdırıb.

Bütün bu deyilənlərin fonunda, Azərbaycanın şaxələndirmə sistemi prosesləri necə qabaqlaya bildi?

Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Azər Allahverənov baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Bəli, həqiqətən də Hörmüz boğazının bağlanması və bütövlükdə həmin Fars körfəzi üzərindən nef məhsullarının dünya bazarına çıxışının qarşısının alınması istər istəməz bir çox dövlətlər üçün problemlərə yol açmış oldu. Bu, bir tərəfdən dünyanın enerji bazarında dalğalanmaların baş verməsinə gətirib çıxardı və bəzi hallarda böhranlı vəziyyətin yaranmasına səbəb oldu. Digər tərəfdən isə, İran neftini əsas idxal edən dövlətlərin - Çinin, Hindistanın, Yaponiyanın, Cənubi Koreyanın enerji sahəsində çətinlikləri yarandı. Bu, bilavasitə onunla bağlı idi ki, dünyanın neft və qaza olan tələbatının 20 faizi Hörmüz boğazı üzərindən daşınırdı. Bu da həmin dövlətlər üçün çox ciddi problemlərə yol açdı”.

Millət vəkilinin fikrincə, belə vəziyyət bir daha onu göstərdi ki, şaxələndirilmiş enerji təchizatı sisteminin olması olduqca vacibdir: “Bir tərəfdən həmin enerjini ixrac edən dövlət üçün, həm də onu idxal edən ölkələr üçün çox əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan 90-cı illərin ikinci yarısından etibarən enerji siyasəti kursunu müəyyən etdi. Sözügedən məsələlərdə daha suveren qərarların verilməsinə nail olmaqla yanaşı, ölkənin milli maraqlarını tam şəkildə təmin edən bir siyasət sərgiləmiş olur. 1994-cü ildə “Əsrin müqaviləsi” bağlandıqdan sonra Baki-Tbilisi-Ceyhan neft kəməri, sonrakı mərhələdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi. Bununla Azərbaycan həm enerji resurslarını ixrac etməyə başladı, həm də dayanıqlı təchizat zəncirinin qurulmasına nail oldu. Azərbaycanın Gürcüstan və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətləri, həmin layihələrin uğurlu şəkildə icrasını təmin etməsi üçün çox əlverişli mühit yaratdı. Azərbaycan bu kəmərlər vasitəsi ilə həm də Orta Asiyanın karbohidrogen resurslarını ixrac etmək üçün əlverişli imkan formalaşdırmış oldu. Biz nəticə etibarı ilə görürük ki, bütün bunlar ölkənin xarici siyasət kursunun praqmatikliyindən irəli gəlir. Həm də ölkənin iqtisadi inkişaf strategiyasına söykənərək bu işlər həyata keçirilir. Bu gün Azərbaycan özünü etibarlı tərəfdaş qismində özünü təsdiq etməklə yanaşı, həm də bir çox dövlətlərin real olaraq enerji təhlükəsizliyinin təmin olunmasında bilavasitə iştirak edən bir tərəfdir. Azərbaycanın icra etdiyi o layihələr nəticə etibarı ilə qarşılıqlı fayda və hörmət prinsiplərinə söykənməklə yanaşı, hamının həmin layihələrdən faydalanmaq imkanı yaradır. Bu da Azərbaycanın müəyyən etdiyi əməkdaşlıq modelinin əsas qayəsini təşkil edir. Bunun nəticəsidir ki, Avropa İttifaqının 10 üzvü bilavasitə Azərbaycan qazının istifadəçisidir. Üstəlik, neft idxalı da artır. Azərbaycan ümumən 16 ölkəyə qaz ixrac edir və bunların içində ərəb dövləti olan Suriya da var. Gələcəkdə Azərbaycan Pribaltika ölkələrinə qaz ixrac edə bilər. İstənilən halda Azərbaycan uzun illərdir sığortalı şəkildə, sözügedən layihələrin həyata keçirilməsi üçün çox əlverişli mühit yaradıb. Hörmüz böhranı və Ukraynada gedən müharibə ilə əlaqədar bir sıra ölkələrin enerji sahəsində üzləşdikləri çətinliklər, qismən məhz Azərbaycanın yaratdığı dayanıqlı və təhlükəsiz zənciri hesabına ödənilməkdədir”.

Vidadi ORDAHALLI

Seçilən
10
baki-xeber.com

1Mənbələr