Tbilisi, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində yüksək nüfuz və etibara malik mühüm aktordur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Valeri Çeçalaşvili söyləyib.
Onun sözlərinə görə, bu tədbir həm də ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratması ilə diqqət çəkib.
Ekspert deyib: “Cənubi Qafqazın getdikcə çox mühüm beynəlxalq forumların keçirildiyi bir məkana çevrilməsi məni çox sevindirir. Məsələn, Azərbaycanda COP29 kimi qlobal iqlim forumu, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası keçirildi. Son dövrlərdə Ermənistanda “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı təşkil olundu.
Bu cür qlobal tədbirlərin regionda keçirilməsi ona görə mümkün olub ki, həm Ermənistan Azərbaycanda keçirilən tədbirləri dəstəkləyir, həm də Azərbaycan Ermənistanda keçirilən forumlara dəstək verir. Məsələn, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulur və bu, qarşılıqlı dəstək və razılaşmanın göstəricisidir. Azərbaycan və Ermənistanın atdığı addımlar və sülh prosesinin inkişafı regionun gələcək sabitliyi, inteqrasiyası və təhlükəsizliyi baxımından töhfə verir və Cənubi Qafqazın ümumi inkişaf perspektivlərini gücləndirir.
Mən xüsusilə qeyd etmək istərdim ki, Gürcüstan nümayəndə heyəti Azərbaycanda yüksək səviyyədə təmsil olundu və tərəflər arasında bir sıra mühüm ikitərəfli sənədlər imzalandı. Bütün bunlar Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın təkcə təsdiqi deyil, həm də onun yeni mərhələyə keçdiyini göstərir. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlər üçün deyil, həmçinin regional sabitlik, inteqrasiya və Cənubi Qafqazın potensialının tam reallaşdırılması baxımından mühüm rol oynayır”.