Bu ilin yanvar-aprel aylarında Azərbaycanda magistral qaz kəmərləri vasitəsilə 14 milyard 287,2 milyon kubmetr qaz nəql edilib. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, nəql olunan qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artıb.
Hesabat dövründə qaz nəqlinin əsas hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəmərinin payına düşüb. Belə ki, ümumi nəqlin 52,8 faizi və ya 7 milyard 539,3 milyon kubmetri məhz bu boru kəməri vasitəsilə ötürülüb.
Mütəxəssislər qeyd edirlər ki, qaz nəqlində müşahidə olunan artım Azərbaycanın regionun əsas enerji təchizatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, ölkənin enerji infrastrukturunun dayanıqlılığı və ixrac imkanlarının genişlənməsi beynəlxalq enerji bazarlarında Azərbaycanın strateji əhəmiyyətini artırır.
Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri Azərbaycanın təbii qazının regional və beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynayan əsas enerji marşrutlarından biridir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”