Litva Müdafiə Nazirliyinin məlumatına görə, 20 may tarixində hücum təhlükəsi səbəbindən hava hücumu həyəcanı elan edilib.
Hadisəyə Belarus ərazisindən yaxınlaşdığı ehtimal edilən pilotsuz təyyarə səbəb olub. NATO təyyarələri havaya qaldırılıb. “Sərhəd yaxınlığında, ehtimal ki, Belarusdan yaxınlaşan pilotsuz təyyarə aşkar edildikdən sonra Litvanın bəzi ərazilərində hava hücumu həyəcanı elan edilib. NATO-nun Baltik Hava Polisi əməliyyatı aktivləşdirilib”, – Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
LRT bildirir ki, insanlar telefonlarına “dərhal sığınacaq və ya təhlükəsiz yer axtarmağa” çağıran mesajlar alıblar. Xəbərdarlıq Kiyev vaxtı ilə saat 11:00 radələrində ləğv edilib.
Sərhəd yaxınlığındakı ərazilərdə – Litvanın şərqindəki İqnalina, Utena, Zarasay və Şvençionis rayonları yaxınlığında pilotsuz təyyarələrin fəaliyyəti aşkar edilib.
Xəbərdarlıq daha sonra paytaxt Vilnüsə və ətraf bölgəyə şamil edilib. Bu ərazilər üçün sarı hava həyəcanı verilib, daha sonra Vilnüs bölgəsində qırmızıya yüksəldilib. Media xəbər verir ki, Prezident Gitanas Nausėda, Baş nazir İnqa Ruginienė və onların işçiləri təhlükəsiz yerə təxliyə ediliblər. Seym tərəfindən də oxşar təxliyə əmri verilib.
Yerli hava limanı və qatar stansiyası da müvəqqəti bağlanma elan edib. Vilnüs məktəblərindən videolar sosial mediada paylaşılır. Hava hücumu sirenləri səbəbindən uşaqlar partalarının altında gizlənirlər.
//Samir Qurbanov, Editor.az