AZ

Varlılar Avropaya, kasıblar Qəbələyə - Günümüzün reallığı

Premyer Liqa mövsümü vaxtından əvvəl başa çatdı.

Finişə 3 tur qalmış çempionun adı bəlli idisə, 1 tur qalmış “4-lük”də hansı komandaların yer alacağı, daha doğrusu, avrokuboklarda hansı kollektivlərin mübarizə aparacağı dəqiqləşdi.

Təəccübləndikmi?

Xeyr.

Hələ çempionat başlamamış xərclənən pulların qarşılığında yaradılan şəraitə və edilən transferlərə baxanda, sonluğu təsəvvür etmək çətin deyildi.

“Qarabağ”dan danışmağın adı yoxdur, hər mənada “nömrə 1” hesab edə bilərik.

Son illər “Sabah”a ayrılan maliyyənin bir gün Masazırda toy-bayrama səbəb olacağı çoxdan məlum idi.

“Neftçi” məlum məsələdir, SOCAR-ın nəzəri hər zaman üstündə olub, maddi planda axsamayıb.

“Turan Tovuz”da Ehtiram Quliyevin gəlişindən sonra pula pul demir. Çempionlar Liqasının qrup mərhələsini görmüş baş məşqçi, sərəncamında da hədəfə çatmağa yetəcək lazımi qədər legioner.

Bu 4 klub maliyyə, şərait, təcrübə baxımından digər 8 rəqibini açıq-aşkar üstələyirdi. Nəticədə sürprizə imkan qalmadı. İmkanı yaxşı olanlar Avropaya ayaq basdı.

Ötən mövsüm avrokuboklara vəsiqə qazanan 4 komandanın 3-nün “sükanı” arxasında yerli məşqçilər idisə (Qurban Qurbanov, Rəşad Sadıqov, Elmar Baxşıyev), bu dəfə say nisbəti tam tərsinə dəyişdi ki, Qurban Qurbanov üç əcnəbi həmkarının arasında tək qaldı.

Bir daha əmin oluruq ki, müasir futbolda pul-para ən vacib amildir. Komandanın rəhbər postunda ən istedadlı şəxs əyləşə, baş məşqçi ən savadlı mütəxəssis ola bilər. Ancaq pulun yoxdursa, pullular səni “yeyəcək”.

Dağ boyda “Şamaxı” nümunəsi var. O boyda “Qəbələ”ni misal çəkmək olar. Hələ “Zirə”, “Sumqayıt”, “Araz-Naxçıvan” kimi faktlar.

Nə qədər üstün olmağa çalışsan da, təcrübən yoxdursa, hansısa məqamda büdrəyəcəksən. Berdıyev, Vernidub, Dambrauskas kimi təcrübəliləri bura gətirən də puldur. O cür legionerləri onların sərəncamına verən də puldur.

Bəli, maliyyə vacibdir, ancaq ağılla-başla xərcləyəsən. Gözlərini yumub, kisənin ağzını açacaqsansa, sonluq xoş olmaya bilər.

Çempionat başa çatır, pullular gedir Avropaya, kasıblar da həmişəki kimi, Qəbələdə növbəti mövsümə hazırlaşmağa.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
38
sportinfo.az

1Mənbələr