AZ

Əliyev qaz hasilatını artırmaq üçün bacardığını etdi - “top Avropanın tərəfindədir”...



Fikrət Yusifov: “Azərbaycandan qazın ixracına Avropa İttifaqının bu şəkildə münasibəti qəbuledilməzdir”

“Azərbaycanda gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılmasını elan edəcəyik”. Bunu Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə deyib.

“Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq”, - dövlət başçısı bildirib.

Azərbaycan qaz hasilatını artıracağı ilə bağlı söz vermişdi və buna əməl etdi. Halbuki, Azərbaycan bununla bağlı Avropadan maliyyə dəstəyi gözləyirdi, amma onlar bu məsələdə yardım etmədilər. Azərbaycan öz imkanları hesabına hasilatı artırır. Bütün bunların fonunda maraqlıdır, Avropa maliyyə qurumları Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı niyə vəsait ayırmırlar? Niyə Avropa İttifaqı ölkələri Azərbaycanla uzun müddətli qaz idxalı ilə bağlı saziş imzalamırlar? Çünki zəmanət olmalıdır ki, milyardlarla sərmayə müqabilində hasil ediləcək qazın sabit alıcıları olacaq. Bir sözlə, Avropa CQD-nin genişləndirilməsi üçün kredit ayırmır, qaz alışı ilə bağlı uzunmüddətli müqavilə imzalamır. Hasilat artır və bundan sonra gərəkən odur ki, boru kəmərlərinin ötürücülük gücü artırılsın, uzun müddətli sazişlər imzalansın. Bunu niyə etmirlər və bundan sonra edəcəklərmi?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun fikrincə, Azərbaycan artıq xeyli müddətdir ki, Avropanın etibarlı qaz təchizatçısı rolunu üzərinə götürüb: “Bu gün Azərbaycan Avropanın 10 dövlətinə, bütövlükdə 16 ölkəyə qaz ixrac edir. Bəli, bizim qazımız həcm etibarı ilə o qədər də böyük deyil, lakin biz bu potensialı genişləndirmək imkanındayıq. Eyni zamanda, bu imkanlardan istifadə etməyə çalışırıq. Azərbaycan bütün sahələrdə digər dövlətlərlə, Avropa İttifaqı ilə etdiyi əməkdaşlıq çərçivəsində həmişə özünü etibarlı tərəfdaş kimi göstərib. Bunu bütün dünya bilir. Azərbaycanla iqtisadi əlaqələri olan bütün ölkələr bilir. Bu mənada Azərbaycandan qazın ixracına Avropa İttifaqının bu şəkildə münasibəti təbii ki, qəbuledilməzdir. Bu, bir növ Ermənistanla Azərbaycan arasında on illər boyu yaşanmış münaqişə zəminində Avropanın sərgilədiyi ikili standartların bir başqa üzüdür. Təsadüfi deyil ki, 44 günlük müharibədə də onlar işğalçını, işğalçı kimi tanımadılar. Bu gün də Azərbaycanı sağlam, etibarlı tərəfdaş kimi qəbul edib, Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi ilə bağlı kreditin verilməsi məsələsində qeyri-müəyyən yol seçiblər. Həmçinin yeni yataqlardan qaz hasilatına dəstəyi ləngidirlər. Nəticədə bütün bunları biz öz imkanlarımız çərçivəsində görürük. Azərbaycan kimi etibarlı tərəfdaşa belə münasibət qəbuledilməzdir. Bunlara Rusiya kimi tərəfdaş lazımdır. Münasibətlər bir qədər gərginləşən kimi, Rusiya qazı kəsir. Bunlar belə tərəfdaşdan daha çox çəkinirlər. Azərbaycan öz kursunu davam etdirir və etdirəcək. Nəhayət bu ölkələr anlayıb başa düşəcəklər ki, Azərbaycan qədər etibarlı tərəfdaşı tapmaq asan olmayacaq. Rusiya ilə gərgin münasibətlər fonunda, Avropanın Azərbaycan qazına ehtiyacı birə on artır. Ən azından bu müstəvidə baş verənlərin konteksində Avroittifaqa rəhbərlik edən şəxslər doğru seçim etməyi bacarmalıdırlar”.

Vidadi ORDAHALLI

Seçilən
43
baki-xeber.com

1Mənbələr