BAKI, 21 may. TELEQRAF
ABŞ Dəniz Piyadaları Korpusunun şəxsi heyəti "Celestial Sea" neft tankerində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Gəminin İrana qarşı dəniz blokadasını pozduğu iddia olunur.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında qeyd olunur.
Komandanlığın X-də dərc olunmuş açıqlamasında deyilir: "Bu gün səhər Oman körfəzində 31-ci Dəniz Ekspedisiya Bölməsinin ABŞ dəniz piyadaları blokadanı pozmaqda şübhəli bilinən İran bayrağı altında üzən "Celestial Sea" ticarət tankerində axtarış aparıblar. Axtarışlar bitdikdən sonra gəmi sərbəst buraxılıb".
Komandanlığın məlumatına görə, ABŞ-ın İrana qarşı hərbi-dəniz blokadasının bir aydan çox müddətində ABŞ Silahlı Qüvvələri ümumilikdə 91 ticarət gəmisini istiqamətləndirib.
ABŞ ordusu 13 apreldə İrana qarşı dəniz blokadasına başlayıb.