Paltaryuyan maşında yuyulan geyimlərin üzərindən saç, tük və tozların təmizlənməsi xüsusilə tünd rəngli geyimləri üstün tutanlar və ev heyvanı saxlayanlar üçün problem yaradır. Yuyulduqdan sonra geyimlərin üzərinə yapışan tükləri təmizləmək çox vaxt uzunmüddətli və yorucu təmizlik prosesi tələb edir. Bir çox insan geyimləri qurutduqdan sonra xüsusi rulonlar və ya yapışqan lentlərlə bu tükləri təmizləməyə çalışır.
Sosial şəbəkələrdə təmizlik ekspertləri arasında yayılan üsul bu prosesi tək hərəkətlə aradan qaldırır. Paltaryuyan maşının qazanı fırlanmağa başlamazdan əvvəl geyimlərin arasına sadəcə nəm salfet yerləşdirmək kifayət edir.
Yuma proqramı zamanı suyun gücü ile hərəkət edən nəm salfet maye içində sərbəst dolaşan bütün tükləri, saçları və gözlə görünməyən toz zərrələrini maqnit kimi özünə çəkərək yapışdırır. Nəticədə geyimlər üzərində hər hansı artıq qüsur qalmadan təmizlənir. Lakin bu üsulu tətbiq edərək istənilən effekti almaq üçün bəzi qaydalara əməl olunmalıdır.
Təmizlik zamanı diqqət edilməli olan məqamlar bunlardır:
Kağız salfetlərdən uzaq durun: Ən çox edilən səhvlərdən biri nəm salfet əvəzinə adi kağız dəsmallardan istifadə etməkdir. Kağız su ilə təmasda olanda tamamilə parçalanır və geyimlərin üzərinə yapışaraq vəziyyəti daha da çətinləşdirir.
Dözümlü material seçin: Maşının içinə atılacaq salfetin parça kimi möhkəm və elastik olması şərtdir. Əllə dartıldıqda asanlıqla cırılmayan lifli salfetlər yüksək dövriyyəli sıxma proqramlarında belə formasını qoruyur.
Qoxusuz olmasına fikir verin: Geyimlərdən yalnız istifadə etdiyiniz yumşaldıcının qoxusunun gəlməsini istəyirsinizsə, parfümsüz nəm salfetlərə üstünlük verməlisiniz.
Təkrar istifadə etməyin: Maşından çıxan tük və saçla örtülmüş salfeti qurudub yenidən istifadə etmək olmaz, o, birbaşa zibil qutusuna atılmalıdır.
Yəni, paltaryuyan maşında yuyulan geyimlərin üzərinə saç, tük və tozların yapışmasının qarşısını almaq üçün qazanın içinə geyimlərlə birlikdə 1-3 ədəd keyfiyyətli, cırılmayan nəm salfet atmaq lazımdır.
Yuma zamanı salfet bütün tükləri özünə çəkərək geyimləri tamamilə qüsursuz edir, lakin bu məqsədlə adi kağız salfetlərdən istifadə etmək qətiyyən olmaz.//Demokrat.az