AZ

Trampdan İrana xəbərdarlıq: Düzgün cavab almasaq, hər şey çox sürətlə baş verəcək...

ABŞ Prezidenti Vaşinqtonun hərəkətə tam hazır olduğunu bildirib, eyni zamanda İran nümayəndə heyətinin peşəkarlığını yüksək qiymətləndirib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İranla davam edən danışıqlarla bağlı sərt mesaj verərək Vaşinqtonun mümkün addımlara tam hazır olduğunu açıqlayıb.

Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ İran tərəfindən yalnız tam qənaətbəxş və konkret cavablar gözləyir. Onun sözlərinə görə, əks halda hadisələrin inkişafı çox sürətli ola bilər.

“Biz tam şəkildə hərəkətə hazırıq. Biz düzgün cavablar almalıyıq. Bunlar tamamilə, yüz faiz yaxşı cavablar olmalıdır və əgər onları alsaq, çoxlu vaxtı, enerjini və insan həyatını xilas etmiş olarıq”, deyə Tramp vurğulayıb.

Bununla yanaşı, ABŞ Prezidenti İran nümayəndələri barədə müsbət fikirlər də səsləndirib. Tramp iranlı danışıqlar iştirakçılarının peşəkar və intellektual səviyyəsinin yüksək olduğunu qeyd edib.

“Əslində biz çox yaxşı insanlarla işləyirik. Biz istedadlı və yüksək düşüncə qabiliyyətinə malik insanlarla işləyirik. Biz onlardan kifayət qədər təsirlənmişik”, deyə ABŞ lideri əlavə edib.

Müşahidəçilər hesab edirlər ki, Trampın açıqlamaları Vaşinqtonun bir tərəfdən İrana təzyiq mesajı verməyə çalışdığını, digər tərəfdən isə diplomatik kanalları açıq saxlamaq niyyətində olduğunu göstərir. Hazırda tərəflər arasında davam edən danışıqlarda regional təhlükəsizlik, nüvə proqramı və qarşılıqlı öhdəliklər əsas müzakirə mövzuları olaraq qalır.

Poliqon.info

Seçilən
83
poliqon.info

1Mənbələr