AZ

Moskva Ermənistanın “iki stulda oturmaq” siyasətini qəbuledilməz adlandırıb

Rusiya XİN rəhbərliyinin sözlərinə görə, Ermənistanın həm Aİİ-də qalmaq, həm də Avropa İttifaqına inteqrasiya kursu Moskvanı qane etmir...

Poliqon xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan rəhbərliyinin hazırkı xarici siyasət kursunu kəskin tənqid edib. O, Moskvanın İrəvanın paralel şəkildə həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də gələcəkdə Avropa İttifaqına üz tutmaq niyyətini qəbul etmədiyini bildirib.

Qaluzin bu barədə Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə açıqlamasında danışıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin yürüdüyü siyasət Moskva üçün qəbuledilməzdir.

“Əlbəttə, Moskvada Ermənistan rəhbərliyinin bu gün həyata keçirdiyi xətti qəbul edə bilməzlər. Söhbət Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünü Avropa İttifaqına keçənədək qoruyub saxlamaq niyyətindən gedir. Belə yanaşmalar bizi qane edə bilməz. Bu yanaşmalar bizim üçün tamamilə qəbuledilməzdir”, — deyə rusiyalı diplomat vurğulayıb.

Ekspertlər hesab edirlər ki, Moskvanın bu açıqlaması son aylarda Ermənistanın Qərblə münasibətləri genişləndirmək istiqamətində atdığı addımlarla bağlı narahatlığın artdığını göstərir. İrəvanın Avropa strukturları ilə yaxınlaşma siyasəti Rusiya-Ermənistan münasibətlərində əlavə gərginlik yaradan əsas amillərdən biri kimi qiymətləndirilir.

Qeyd olunur ki, Ermənistan hazırda həm Avrasiya İqtisadi İttifaqının, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bununla yanaşı, ölkə rəhbərliyi son dövrdə Avropa İttifaqı ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət ayırır.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr