Ərəb dənizində yerləşdirilən hərbi gəmilər pilotsuz uçuş aparatlarına qarşı ODIN lazer sistemi ilə təchiz olunub...
ABŞ Hərbi Dəniz Qüvvələri İrandan cənub-şərqdə yerləşən Ərəb dənizinə lazer silahı ilə təchiz edilmiş esmineslər göndərib.
Poliqon xəbər verir ki, bu barədə The War Zone nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olan USS Spruance və USS John Finn esminesləri ODIN (Optical Dazzling Interdictor, Navy) adlı lazer qurğusu ilə silahlandırılıb.
Bildirilir ki, ODIN sistemi zərbə tipli pilotsuz uçuş aparatlarını kor etmək və onların idarəetmə sistemlərini pozaraq dezorientasiya etmək üçün nəzərdə tutulub. Sistem düşmən dronlarının optik sensorlarını sıradan çıxarmaqla onların hədəfə yönəlməsinin qarşısını almağa hesablanıb.
The War Zone qeyd edir ki, ABŞ son aylarda Yaxın Şərqdə pilotsuz uçuş aparatlarından istifadənin artması fonunda bu tip müdafiə texnologiyalarının yerləşdirilməsini sürətləndirib.
Məlumata əsasən, USS Spruance və USS John Finn Arleigh Burke sinifli idarəolunan raket esminesləridir və onlar hava hücumundan müdafiə, raket əleyhinə mübarizə və dəniz təhlükəsizliyi əməliyyatlarında istifadə olunur.
Ekspertlər hesab edirlər ki, lazer sistemlərinin bölgədə yerləşdirilməsi ABŞ-nin İran və onun dəstəklədiyi qüvvələrdən qaynaqlanan mümkün PUA təhdidlərinə qarşı hazırlığını nümayiş etdirir.
Poliqon.info