AZ

Narkobaronların vəkili üç rus bankirini ABŞ sanksiyalarından çıxarıb

Amerikalı hüquqşünas Erik Ferrari sanksiya siyahısından çıxarılması üçün bir neçə rusiyalıya yardım göstərib...

ABŞ-nin ən tanınmış sanksiya hüquqşünaslarından biri hesab olunan Erik Ferrari Ukraynadakı müharibədən sonra ən azı altı rusiyalının Amerika sanksiya siyahısından çıxarılmasına nail olub.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata görə, həmin şəxslərdən azı üçü bank sektorunun nümayəndələri olub. Onların arasında 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən qısa müddət sonra ABŞ sanksiyalarına məruz qalan “Sovkombank”ın iki keçmiş top-meneceri – bankın prezidenti İlya Brodski və idarə heyəti sədrinin müavini Aleksey Panferov da var.

Bloomberg yazır ki, siyahıdan çıxarılan digər bank meneceri isə ABŞ tərəfindən 2022-ci ilin yazında sanksiya siyahısına daxil edilərkən siyasi dairələrlə ciddi əlaqələrə malik olmayıb, böyük sərvət sahibi hesab edilməyib və hərbi sahə ilə bağlılığı olmayıb. Həmçinin onun həmin dövrdə işdən ayrılmağa hazırlaşdığı bildirilir.

Bütün bu şəxslərin uzun illərdir sanksiya məsələləri üzrə ixtisaslaşan Erik Ferrariyə müraciət etdikləri qeyd olunur. Ferrari & Associates hüquq şirkəti ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) qarşı proseslərdə bir sıra qalmaqallı şəxsləri də təmsil edib.

Məlumata əsasən, Myanmanın məşhur narkobaronlarından birinin oğlu Stiven Lou 2010-cu ildə sanksiyaların ləğvi üçün Ferrari ilə əlaqə saxlayıb. Altı il sonra isə o və şirkəti OFAC siyahısından çıxarılıb.

Erik Ferrari həmçinin Mozambikdə narkotik ticarətində ittiham olunan Məhəmməd Bəşir Süleymana da yardım göstərib.

Lakin hüquq şirkəti Fernando Sevalyos Qonsalesin işində uğur qazana bilməyib. Sanksiya hüququ üzrə ixtisaslaşmış Vaşinqton hüquqşünası Robert Klifton Börns bu barədə belə deyib:

“Əgər siz OFAC-ni artıq narkobaron olmadığınıza inandırmağa çalışırsınızsa, arqumentlərinizi Peruda həbsxanada oturaraq və narkotik ticarəti ilə çirkli pulların yuyulmasına görə 25 illik cəza çəkərək irəli sürməməyiniz daha yaxşı olar”.

Bloomberg qeyd edir ki, Erik Ferrari Ukraynadakı müharibədən əvvəl də Rusiyanın tanınmış milyarderi Oleq Deripaskanı təmsil edib. Deripaska 2019-cu ildə, bir il əvvəl sanksiya siyahısına daxil edilməsindən sonra OFAC-yə qarşı məhkəmə iddiası qaldırmışdı.

Poliqon.info

Seçilən
44
poliqon.info

1Mənbələr