AZ

"Reuters": ABŞ BMT-dəki Fələstin diplomatlarının vizalarını ləğv etməklə hədələyir

BAKI, 21 may. TELEQRAF

ABŞ BMT-dəki Fələstin diplomatlarının vizalarını ləğv etməklə hədələyərək Fələstinin təşkilatdakı daimi müşahidəçisi Riyad Mənsurun Baş Assambleya sədrinin müavini postuna namizədliyini geri götürməsinə nail olmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, mayın 20-də ABŞ-ın Qüdsdəki səfirliyinin əməkdaşları Vaşinqtonun Riyad Mənsurun BMT Baş Assambleyası sədrinin müavini postuna namizədliyinin “gərginliyi artırdığı” və ABŞ Prezidenti Donald Trampın Qəzza planını təhlükə altına qoyduğu barədə Fələstin tərəfini məlumatlandırmaq göstərişi olan teleqram alıblar.

Sənəddə qeyd olunub ki, Fələstin nümayəndə heyəti namizədi geri çəkməsə, ABŞ Fələstin Milli Administrasiyasını məsuliyyətə cəlb edəcək. Vaşinqton həmçinin BMT-dəki Fələstin nümayəndəliyinin üzvlərinin vizalarının ləğvini istisna etməyib.

Agentlik xatırladıb ki, Riyad Mənsur daha əvvəl BMT Baş Assambleyasının sədri postuna namizədliyini geri götürmüşdü. Bununla belə, ABŞ onun daha aşağı vəzifəyə seçilməsinin belə bəzi iclaslara sədrlik etməsinə səbəb ola biləcəyindən ehtiyat edir.

Bundan əvvəl Vasili Nebenzya ABŞ-ni BMT-nin qərargahının yerləşdiyi ölkə statusundan sui-istifadə etməkdə ittiham etmişdi.

Seçilən
16
teleqraf.com

1Mənbələr