AZ

Aydınlığa çıxan həqiqətlər

Çar Rusiyası dönəmindən dünyanın müxtəlif yerlərindən Cənubi Qafqaza məqsədli şəkildə köçürülmüş ermənilər üçün 1918-ci ildə bolşevik Rusiyasının dəstəyi ilə Azərbaycanın qərbində - İrəvan da daxil olmaqla təxminən 9 min kvadratkilometr ərazidə Ermənistan Respublikası yaradılmış, onlara burada min illər boyu yaşamış azərbaycanlılarla birgəyaşayış hüququ verilmişdir. 

Cənubi Qafqazın kürəyinə xəncər kimi sancılan bu "birgəyaşayış"dan əvvəl də yeri-yurdu, vətəni olmayan ermənilər "yersiz gəldi, yerli qaç" prinsipi ilə azərbaycanlılar yaşayan şəhərlərə, kəndlərə silahlı basqınlar etmiş, terror, soyqırımı həyata keçirmiş, xalqımızın mədəni irsini dağıtmışlar. Onlar zaman-zaman Azərbaycan kəndlərini mənimsəmiş, torpaqlarımızı özününküləşdirmiş, bir sözlə, işğal etmişlər. Nə insanlığa, nə beynəlxalq hüquqa sığan bu proses şükürlər olsun ki,  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İham Əliyevin qətiyyəti sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi - Zəfər qələbəsi ilə dayandırılmışdır.  

Bütün bunlar haqqında Milli Məclisin deputatı, tarix elmləri doktoru, dosent Vasif Qafarov və Konstitusiya Məhkəməsinin hakimi ədliyyə general-leytenantı Xanlar Vəliyevin "Azərbaycan ərazisi (1918-2025)" monoqrafiyasında geniş bəhs olunub. Azərbycanın 5 minillik tarixinin tədqiqata cəlb edildiyi bu  monoqrafiyanın ana xəttini Ulu Öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin  tapşırıq və tövsiyələri təşkil edir. 

Kitabda tarixi Azərbaycan ərazisinin ümumi mənzərəsinə hərtərəfli nəzər salınmış, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) ərazisi, onun ümumi sahəsi və sərhədləri öyrənilmiş, 1920-ci ilin aprel işğalından sonrakı sovet dönəmində Azərbaycan SSR (1920-1991) ərazilərinin Ermənistana verilməsi konkret faktlar və dövrün ilkin arxiv sənədləri əsasında diqqətə çatdırılmışdır. Xalq Cümhuriyyətinin 113 min 895,97 kvadratkilometr ərazisinin Azərbaycan SSR dövründə 8660 kvadratkilometrə endirilməsi, başqa sözlə, Azərbaycanın 27300 kvadratkilometr ərazisinin xalqımızın iradəsinə zidd olaraq  əlindən alınması prosesinin obyektiv mənzərəsi yaradılmışdır.   

"Konstitusiya və Suverenlik İli"nin tələb və tövsiyələrini özündə əks etdirən,  giriş və 8 bölmədən ibarət, 155 səhifəlik kitabda nəşrin müəllifləri iki istiqaməti - həm tarixi, həm də hüquqi aspektləri əsas götürərək Azərbaycanın və qonşu ölkələrin arxiv sənədlərinə istinadən fundamental monoqrafik əsər ortaya qoymuşlar. Dil açıb danışan arxiv sənədləri və tarixi hadisələrin obyektiv təhlili bütün bəşəriyyəti həqiqəti bilməyə və müdafiəyə çağırır. Ən diqqətçəkən və böyük axtarışlar nəticəsində 5 minillik dövrü əhatə edən bu əsərdə arxiv sənədlərinin dili ilə açıqlanan mətləblər və əyani olaraq təqdim olunan xəritələr oxucuda maraq doğurur. İllərlə işıq üzü görməyən rəsmi arxiv sənədləri, habelə bəşəriyyətin beynəlxalq insan hüquqlarının müdafiəsinə yönəlmiş tələbləri və 175-dən çox elmi ədəbiyyatdan, mənbədən  istifadə olunduğu bu tədqiqat əsərində oxucu çar Rusiyası və sovet imperiyası dönəmində Azərbaycanın acı taleyi, parçalanmış, qonşulara pay-puş edilmiş ərazilərimiz, əsrlərlə haqsızlıqla üzləşmiş soydaşlarımızın, dəfələrlə deportasiya və sürgünlərə məruz qalmış xalqımızın məlumatsız keçmişi haqqında indiyədək bilinməyən, bəzən də məxfi xarakter daşıyan faktlarla, sənədlərlə yenidən tanış olmaq üçün bu kitabı  oxumaq istəyir.

Əsərdə həmmüəllif Vasif Qafarov tərəfindən tarixi Azərbaycan torpaqlarının Ermənistana verilməsi, soydaşlarımızın Qərbi Azərbaycandan sürgün edilməsi danılmaz faktlarla, xronoloji ardıcıllıqla oxuculara çatdırılır. Həmçinin Ulu Öndər Heydər Əliyevin ermənilərin ərazi iddialarına qarşı hələ SSRİ dövründə apardığı böyük mübarizə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qazanılan tarixi Zəfər faktlarla meydana qoyulur.

Kitabın "Azərbaycan Cümhuriyyətinin işğal edilərək sovetləşməsindən sonra Azərbaycan ərazisi" bölümündə müəlliflər böyük qürur hissi ilə müasir Azərbaycanın qurucusunun Ümummilli Lider Heydər Əliyev olduğunu vurğulamaqla onun layiqli davamçısı Prezident İlham Əliyevin diplomatlığı və qətiyyəti, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və qayğısı, xalqımızın müdrikliyi və əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsindən söz açıblar. 

Nəşrdə digər həmmüəllif Xanlar Vəliyev tərəfindən isə baş verən tarixi hadisələrin hüquqi aspektləri və faktlara, arxiv sənədlərinə əsasən hüquqi-siyasi qiymət verildiyi genişliyi ilə diqqətə çatdırılır.

Tədqiqatın metodoloji əsasını  obyektivlik, tarixi hadisə və proseslərə kompleks yanaşma və sistemlilik prinsipi təşkil edir. Araşdırmalarda tarixi alternativlik  prinsiplərinə istinad edilməklə müqayisəli-tənqidi təhlilin aparılmasına üstünlük verilir. Beləliklə, tarixi hadisə və proseslərə yanaşmada rəğbət və ya nifrət deyil, fakt və hadisələrə obyektiv, ədalətli münasibət göstərilir.

1918-2025-ci ilin tarixi mənzərəsini əks etdirən bu fundamental nəşr Azərbaycan tarixşünaslığına mühüm töhfə verən və dövlət başçısının elan etdiyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə səsləşən əsərdir. Habelə geniş oxucu auditoriyası üçün nəzərdə tututlan monoqrafiya humanitar və ictimai elmlərin mütəxəssisləri üçün mötəbər elmi mənbədir. 

Rəhman SALMANLI,

"Azərbaycan"

Seçilən
46
azerbaijan-news.az

1Mənbələr