AZ

Britaniya radiostansiyası Kraldan üzr istədi

Böyük Britaniyada fəaliyyət göstərən "Radio Caroline" radiostansiyası Kral III Çarlzın vəfat etməsi barədə səhvən xəbər yaydıqdan sonra rəsmi şəkildə üzr istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

İngiltərənin cənubunda və Midlends bölgəsində yayımlanan radiostansiya qəfildən kralın öldüyünü elan edib və dərhal ardınca Böyük Britaniyanın dövlət himnini ("God Save the King") səsləndirib.
 

Dinləyicilərdən birinin verdiyi məlumata görə, bu anonsdan sonra yayım qəfildən kəsilib və aparıcılar proqramın müvəqqəti dayandırıldığını bildiriblər. Radiostansiyanın efiri təxminən 15 dəqiqə ərzində tamamilə qapalı qalıb.


Aparıcıların çaşqınlığa görə üzr istəməsindən sonra məlum olub ki, bu xəbərdarlıq ciddi bir texniki proqram xətası nəticəsində baş verib.

Radiostansiyanın rəhbəri Piter Mur sosial şəbəkə hesabında hadisəyə belə aydınlıq gətirib:

"Çərşənbə axşamı (19 may) günortadan sonra baş studiyamızdakı kompüter xətası səbəbindən bütün Britaniya radiostansiyalarının fövqəladə hallar üçün hazır saxladığı “Monarxın Ölümü” (Death of a Monarch) protokol proseduru təsadüfən aktivləşib. Nəticədə kralın vəfat etdiyinə dair yanlış elan verilib".

Mur əlavə edib ki, "Radio Caroline" hər zaman həvəslə kral ailəsinin Milad müraciətlərini yayımlayıb və bundan sonra da uzun illər bu ənənəni davam etdirmək niyyətindədir: "Yaranmış narahatlığa görə Əlahəzrətdən və bütün dinləyicilərimizdən dərin üzrxahlıq edirik".

Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr