AZ

Anaklaudiya Rossbax: Mənzil üçün şəhər infrastrukturu lazımdır

BAKI, 21 may. TELEQRAF

Bir tərəfdən, ümumilikdə inkişafın maliyyələşdirilməsi kimi böyük bir çağırış var, digər tərəfdən isə konkret olaraq mənzilin maliyyələşdirilməsi – həm fərdlər üçün, həm də infrastrukturla əlaqəli şəkildə. Çünki mənzil üçün şəhər infrastrukturu da lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Saziş” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, milli hökumətin və submilli, yəni yerli hökumətlərin rolunu dəqiq müəyyənləşdirmək vacibdir:

“Böyük maliyyə resursları adətən milli səviyyədə olur və mənzil çox bahalı sahədir. Bu, təkcə bəzi ölkələrin deyil, bütün ölkələrin problemidir. Dünyanın bütün ölkələrində mənzil üçün hansısa təşviq və ya subsidiya mexanizmi mövcuddur. Çünki bu planetdə subsidiya olmadan mənzil istehsal edilmir. Əlbəttə, cəmiyyətin bəzi təbəqələrinin subsidiyaya ehtiyacı olmur, amma əksəriyyətin müəyyən dəstəyə ehtiyacı var. Gəlirlə mənzil qiyməti arasında fərq nə qədər böyükdürsə, subsidiyaya ehtiyac da bir o qədər artır. Bu, xüsusilə Qlobal Cənub ölkələri üçün xarakterikdir, çünki maaşlar mənzil qiymətləri ilə müqayisədə çox aşağıdır.

Bununla yanaşı, yerli hökumətin də mühüm rolu var. Strateji planımızda şəhərsalma və maliyyə, eləcə də çoxsəviyyəli idarəetmə məsələlərinə toxunuruq. Yerli hökumətin maliyyə muxtariyyətinin və maliyyə imkanlarının olması niyə vacibdir? Çünki mənzilə aid olan bütün digər xidmətləri bir-birinə bağlamaq məhz yerli hökumətin üzərinə düşür. Biz sadəcə ev tikmirik, yaşayış mühiti qururuq”.

O əlavə edib ki, xidmətlərə, iş yerlərinə və imkanlara çıxış təmin olunmalıdır:

“Mobillik və nəqliyyat sistemləri, ictimai məkanlar, icma mərkəzləri, qadınlar, gənclər, uşaqlar və yaşlılar üçün təhlükəsiz və əlçatan yerlər yaradılmalıdır. Bütün bunları yerli hökumət daha yaxşı təmin edə bilər, çünki onlar icmalara daha yaxındırlar və yerli resursları da səfərbər edə bilirlər.

Bu istiqamətdə BMT-Habitat, BMT sistemi, banklar və digər tərəfdaşlarla birlikdə bələdiyyə maliyyəsinin gücləndirilməsi üzərində işləyirik. Bələdiyyələrin gəlirlərini artırmaq, torpaq əsaslı maliyyələşdirmə mexanizmlərini inkişaf etdirmək, ilk növbədə əmlak vergisi kimi alətlərdən istifadə etmək vacibdir. Çünki mənzil və infrastruktur üçün ayrılan böyük maliyyə ilə yanaşı, yerli hökumətlərin də bu prosesdə iştirak etməsi üçün resursları olmalıdır.

Strateji planımızın əsas qatları da bunlardır: yerli səviyyədə torpaq və maliyyəni əlaqələndirən planlaşdırma, çoxsəviyyəli idarəetmə, bütün ekosistem üçün resursların səfərbər olunması, inkişaf maliyyəsi sahəsində fəaliyyətin genişləndirilməsi. Bu istiqamətdə banklarla işləyirik və dünən beynəlxalq maliyyə institutlarının dəyirmi masasında da çox məhsuldar müzakirə apardıq.

Lakin əsas məsələ odur ki, ölkələrlə birlikdə uzunmüddətli dayanıqlı mənzil maliyyələşdirmə sistemləri qurulmalı və ya mövcud sistemlər yenidən nəzərdən keçirilməlidir. Çünki söhbət mərkəzi hökumətlə yerli hökumətlərin əlaqələndirilmiş fəaliyyətindən gedir. Axı biz sadəcə evlər deyil, yaşayış mühiti qururuq. Bunun üçün də insanlar, gənclər, uşaqlar və ailələr üçün mobillik və xidmətlər təmin edən sistemlərə ehtiyac var”.

Seçilən
15
teleqraf.com

1Mənbələr