AZ

Bakıdan dünyaya mühüm mesaj

2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal urbanizasiya məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrildi. Dünyanın müxtəlif ölkələrindən yüksəksəviyyəli nümayəndələrin, şəhərsalma sahəsində ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş məzmunlu çıxış edərək ölkəmizin şəhərsalma siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, müasir dövrdə şəhərsalma yalnız binaların və yolların tikintisi ilə məhdudlaşmır. Bu proses innovativ idarəetmə mexanizmlərinin tətbiqini, ekoloji tarazlığın qorunmasını, sosial rifahın yüksəldilməsini və vətəndaşların rahat yaşayış mühitinin formalaşdırılmasını özündə birləşdirən strateji yanaşmadır. Azərbaycan da məhz bu prinsiplərə əsaslanaraq şəhərsalma sahəsində uğurlu model formalaşdırıb.

Dövlət başçısı xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və quruculuq işlərini forum iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, həmin ərazilərdə sıfırdan qurulan yaşayış məntəqələri ən müasir texnologiyalar əsasında layihələndirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, alternativ enerji mənbələrinin istifadəsi və ekoloji dayanıqlılığın təmin olunması bu layihələrin əsasını təşkil edir.

Prezident çıxışında vurğuladı ki, Azərbaycanın şəhərsalma siyasətində əsas məqsəd dayanıqlı və uzunmüddətli inkişafı təmin etməkdir. Bu istiqamətdə həyata keçirilən layihələr ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, əhalinin rifahının yüksəldilməsinə də xidmət edir. İnfrastrukturun yenilənməsi, nəqliyyat sisteminin modernləşdirilməsi və yaşıllıq zonalarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Forum zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəm də xüsusi vurğulandı. Prezident qeyd etdi ki, şəhərsalma sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqi ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu baxımdan Bakıda belə mötəbər tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq platformalarda artan rolunun göstəricisidir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verən, gələcəyə hesablanmış inkişaf modeli formalaşdıran ölkələr sırasındadır. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın şəhərsalma sahəsində qlobal miqyasda nümunəvi yanaşma nümayiş etdirdiyini bir daha ortaya qoydu.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Seçilən
31
yeniazerbaycan.com

1Mənbələr