AZ

Bakı Forumunda SPECA Şəhərlər təqdimatı

Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumu çərçivəsində SPECA Şəhərlər məclisi təşkil olunub.

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) üzrə “İnklüziv və davamlı şəhər gələcəyi üçün şəhərlərin mənzil həlləri” adlı forumda SPECA-ya üzv ölkələrdə şəhərsalma məsələlərinə dair müzakirələr aparılıb.

WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizin əlverişli coğrafi mövqeyindən bəhs edib, Şərqlə Qərbi birləşdirən böyük nəqliyyat dəhlizlərinin məhz Azərbaycandan keçdiyini deyib.

Anar Quliyev qeyd edib ki, SPECA Şəhərlər Forumu şəhərlərimizin qarşısında duran çağırışların daha güclü regional əməkdaşlıq, praktiki tərəfdaşlıq, yerli və milli hakimiyyət orqanları arasında davamlı dialoq tələb etdiyinə dair ümumi anlayışı əks etdirir. Bu gün eyni prinsip bizim şəhər gündəmimizə rəhbərlik edir. Qlobal sürət, regional dinamika çərçivəsində SPECA Şəhərlər Forumu şəhərlərarası əməkdaşlıq platforması kimi 2024-cü ildə Bakıda keçirilən COP29-da yaradılıb. 1998-ci ildə qəbul edilmiş SPECA Daşkənd Bəyannaməsinə və 2023-cü il Bakı Bəyannaməsinə əsaslanan forum regional əməkdaşlığı gücləndirmək və davamlı şəhər inkişafının inkişafı üçün oxşar coğrafiya, tarix və mədəniyyət üzrə iştirakçı dövlətlərin ortaq öhdəliyini əks etdirir. Forum 6 şəhər - Almatı, Arkada, Bişkek, Düşənbə, Gəncə və Səmərqənd tərəfindən təsis edilib və şəhərlər arasında birgə fəaliyyəti təşviq edir.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün əlamətdar məqamdır: “Biz qlobal şəhər icmasını salamlamaqdan və şəhərlərin gələcəyi, davamlı inkişaf və regional əməkdaşlıqla bağlı müzakirələrə töhfə verməkdən şərəf duyuruq. Bizim üçün və daha geniş SPECA regionu üçün Şəhərlər Forumunun da xüsusi mənası var. Nazir müavini SPECA Şəhərlər Forumunun regional əməkdaşlıq üçün daimi platforma rolunu oynamasının əhəmiyyətini qeyd edib.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin UNECE-nin Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə 30 ilə yaxındır ki, SPECA-ya dəstək verdiyini bildirib.

“Üç il əvvəl Bakıdakı sammitdə SPECA-nı regional əməkdaşlıq üçün mənalı, praktik platformaya çevirmək barədə qərar qəbul edilib. O vaxtdan bəri biz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu əməkdaşlığında, maliyyələşdirmə mexanizminin, SPECA fondunun yaradılmasında real irəliləyiş əldə etmişik. Bu gün deyərdim ki, SPECA-nın yenidən aktivləşdirilməsinin üçüncü mərhələsidir. Biz əvvəllər SPECA-da heç vaxt mövcud olmayan bir şəhər treki yaradırıq. Bu gün biz SPECA-nın yenidən aktivləşdirilməsi istiqamətində daha bir addım atırıq”, - deyə o vurğulayıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts WUF13-ə belə lütfkar ev sahibliyi edən Azərbaycana ictimai dəstəyə və mənalı praktik qlobal əməkdaşlığa görə təşəkkürünü bildirilib.

Bağlantıların qurulmasının şəhərlərin inkişafı ilə əlaqədar olduğunu bildirən Rafael Tuts əlavə edib: “Biz SPECA Şəhərlər Forumu ilə daha geniş regionlararası güclü sinerjinin mümkün olduğunu görürük. Şəhərlər Forumu yerli səviyyədə davamlı inkişaf məqsədlərinin sürətləndirilməsində çox vacibdir”.

“Ümid edirik ki, biz SPECA Şəhərlər Forumu vasitəsilə əlaqə və şəhər inkişafının gündəmini birləşdirə bilərik. Biz SPECA-da çoxsəviyyəli idarəetməni tətbiq edirik. Əlaqələrin qurulması isə Asiya və Avropanı nəqliyyat, ticarətlə birləşdirən SPECA-nın əsas prioritetidir. Əgər dəhlizlər boyunca əsas şəhər qovşaqları davamlı deyilsə, əlaqələr davamlı ola bilməz”, – deyə o qeyd edib.

UNESCAP-ın davamlı şəhərlərin inkişafı şöbəsinin rəhbəri Kört Qarriqan deyib ki, inklüziv və davamlı şəhərlər bir çox regional və qlobal məqsədlərə nail olmaq üçün vacibdir.

Forum çərçivəsində Almatı şəhərinin Bakıda keçirilən COP29 konfransı zamanı imzalanan “SPECA İqlim Ağıllı Şəhərlər Forumunun yaradılmasına dair niyyət məktubu”na rəsmi şəkildə qoşulmasına dair sənəd imzalanıb.

XQ

Seçilən
32
4
xalqqazeti.az

6Mənbələr