“Son 3-4 gündə Bakıda keçirilən müzakirələr göstərdi ki, hamımız eyni dildə danışırıq. Mənzil siyasəti torpaqdan başlayır, sonra infrastruktur, layihələr, tikinti şirkətləri, benefisiarlar və həyat keyfiyyətini artıran xidmətlərlə davam edən bütöv bir dəyər zənciridir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd qeyd etdi.
“Səudiyyə Ərəbistanı mənzil problemlərini tələb və təklif istiqamətləri üzrə təsnifləşdirir. Aylıq gəliri 4 min riyal və ya təxminən 1 000 dollar olan vətəndaşlar güzəştli mənzil proqramlarına uyğun hesab olunur: “Hökumət yerli banklarla birlikdə bu şəxslər üçün subsidiyalı kredit paketləri təqdim edir”.
Onun sözlərinə görə, hazırda ölkədə 13-dən çox bank güzəştli daşınmaz əmlak kreditləri verir və son 5 ildə bu kreditlərin həcmi 400 milyard riyaldan təxminən 1 trilyon riyala yüksəlib.
“Hökumət ya kredit faizlərini subsidiyalaşdırır, ya da mənzil alan şəxslərə geri qaytarılmayan 100-150 min riyal həcmində dəstək təqdim edir. Gəliri olmayan vətəndaşlar üçün ayrıca “İnkişaf Mənzili” proqramı fəaliyyət göstərir və hazırda 200 mindən çox ailə bu proqramdan yararlanır: “Bu mənzillərin 109 mini birbaşa nazirlik tərəfindən tikilib, qalanları isə özəl sektordan alınıb”.
Aytəkin TOFİQQIZI