Biz bu xəzinəni qayğı ilə qoruyur və zənginləşdiririk
Bu il mənim Sərəncamıma əsasən “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.
Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimindəki çıxışından.
Bakı, 18 may 2026-cı il.
İstənilən xalqın keçdiyi tarix, geridə qoyduğu əsrlər onun özünəməxsus xarakterinin, mentalitetinin, mədəniyyətinin, həyat tərzinin gözəçarpan istiqamətləri ilə yadda qalır. Biri köçəri həyatı, biri işğalçılıq yürüşləri, biri çoxsaylı mədəni sərvətlər yaratması, biri mükəmməl memarlıq nümunələri ərsəyə gətirməsi, biri terror və təxribatı əsas fəaliyyət sahəsi kimi seçməsi ilə fərqlənir. Azərbaycan xalqı isə min illər boyu oturaq həyat keçirdiyinə görə özünəməxsus şəhərsalma, məskunlaşma təcrübəsi formalaşdırmışdır. Bu da təsadüfi deyil. Çünki biz həmişə sülh arzulamışıq, əmin-amanlıq və hamı ilə mehriban birgəyaşayış prinsiplərinə əməl etmişik. Elə ona görə də bəzi xalqlar kimi dağıdıcılıq etməmiş, daim qurub-yaratmışıq.
Zaman sübut edir ki, biz həqiqətən doğru yolda olmuşuq. Planetimizin bir çox nöqtələrində sönmək bilməyən münaqişə və müharibələr yüz milyonlarla insanın ev, mənzil, sığınacaq problemi ilə üz-üzə qalmasına səbəb olur. Yeri gəlmişkən, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Bakıdakı çıxışında qeyd etdi ki, artıq diqqəti həll yollarına yönəltməyin vaxtıdır: “Hamı üçün adekvat mənzilə nail olmağın yolları hansılardır? Biz harada səhv etmişik və irəliləyişə nail olmaq üçün nəyin fərqini nəzərə almalıyıq? BMT-nin Məskunlaşma Proqramı qlobal mənzil böhranının həllinə malikdirmi? Qeyri-adekvat mənzil şəraitində yaşayan təxminən 3 milyard insan üçün bütün cavablarımız varmı? Gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1 milyarddan çox insan üçün nə edə bilərik? Yaxud evsiz vəziyyətdə olan təxminən 300 milyon insan üçün nə edə bilərik?”
Yəni dünya ölkələri bu gün evsizlik, sığınacaqsızlıq kimi ağır böhranla üz-üzədir. Azərbaycan isə son 20 ildə, sözün həqiqi mənasında, tikinti-quruculuq meydanına çevrilib. Ölkəmizin elə bir şəhəri yoxdur ki, orada ən ciddi şəkildə qabardılan məsələlərdən biri mənzil tikintisi, şəhər təsərrüfatına xas olan infrastrukturun müasirləşdirilməsi olmasın.
Hörmətli oxucular elə düşünməsinlər ki, mən yuxarıda qeyd etdiyim arqumentlərdə, xüsusən, son 20 ili yada salanda nəyisə unutmuşam. Qətiyyən elə deyil. Hamı yaxşı bilir ki, paytaxtımızın son yüz ildəki tikinti, quruculuq, xüsusən, memarlıq baxımından ən sürətlə dəyişildiyi dövr 1969-1982-ci illər olub. Həmin dövrdə ölkəmizə rəhbərlik etmiş Heydər Əliyev xalqın min illər boyu formalaşdırdığı quruculuq ənənələrini yaşatmışdı. O illərdə Bakı öz görkəmini nəinki ildən-ilə, hətta aydan-aya dəyişirdi. Son 20 ildə isə Prezident İlham Əliyev Ümummilli liderimizin həmin təcrübəsini müasir dünya standartlarına uyğun şəkildə, hətta “ağıllı kəndlər” ərsəyə gətirilməklə davam etdirir və zənginləşdirir.
Ancaq son beş ildə Prezident İlham Əliyevin üzərinə düşən vəzifə təkcə bu istiqamətdə olan tarixi ənənələrimizi yaşatmaq deyil. O, həm də bədnam və işğalçı qonşularımızın son otuz ildə yer üzündən sildiyi çoxsaylı şəhər və kəndlərimizin xarabalıqları üzərində müasir şəhər, qəsəbə və kəndlər yaratmaqla dünya ictimaiyyətinə “Azərbaycan xalqı qurucu xalqdır!” – tezisini növbəti dəfə çatdırır.
Dövlət başçımız mayın 18-dəki çıxışında qeyd etdi ki, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır: “Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır”.
Cənab Prezident həmin çıxışı ilə sanki Azərbaycanın qədim şəhərsalma tarixinin, memarlıq nümunələrinin xəritəsini cızırdı. Mən xoşbəxt azərbaycanlı və şanslı mətbuat təmsilçisiyəm ki, dövlət başçımızın adını çəkdiyi qədim şəhərlərimizin və tarixi abidələrimizin hamısında, həm də dəfələrlə olmuşam.
Yeri gəlmişkən, 2023-cü ilin noyabrında Belarusun paytaxtında səfərdə olarkən öyrənmişdim ki, qonağı olduğum “Minsk” oteli XVIII – XIX əsrlərdə boyar və saray əyanlarının tikdirdiyi qəsrdə yerləşir. Buradakı son bərpa işləri də elə çar dövründə – 1914-cü ildə aparılmışdı. Bələdçi ilə söhbətimdə belə tarixi binanın olduğu kimi qorunub saxlanılmasını təqdir etmək istədim. Həmsöhbətimdən eşitdiyim cavabı heç zaman unuda bilməyəcəyəm: “Bu məhəllə və bu binalar 250-300 il əvvəl tikilib. Bakıdakı İçərişəhərin tarixini isə bəlkə də bilən yoxdur. Ona görə də Azərbaycandakı tarixə ehtiram hamıya nümunə ola bilər”. O zaman sadəcə fəxr etmişdim.
Bu gün isə cənab Prezidentin 182 ölkənin təmsilçisi önündə söylədiyi fikirləri eşidəndə fəxr etdim. Dövlət başçımız tədbir iştirakçılarına xitabən xatırlatdı ki, ölkəmizin Avropa ilə Asiya arasında yerləşməsi xalqımızın yaratdığı memarlıq nümunələrində də əks olunub: “Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz. Vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda on beş kilometrdən artıq tanınmış dənizkənarı məkandır”.
Prezident vurğuladı ki, bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Məsələn, “VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bugünədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək”.
Bu zaman başqa bir faktı da xüsusilə qabartmaq zərurəti var. Cənab Prezident Bakıda və Abşeronda neftin sənaye üsulu ilə (dünyada ilk dəfə) çıxarılmasının yaratdığı dəyişiklikləri yada salaraq vurğuladı ki, XlX əsrin ikinci yarısından etibarən Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi başlanmışdır. Ancaq sonralar həmin tarixi proseslər xalqımızın və dövlətimizin mənafelərinə cavab verməyən məcraya yönəldilmiş, Bakıda Qara şəhər adlı ekoloji təmizliyi sıfıra endirilmiş zona yaranmışdı. Biz bu gün tarixin həmin üz qaralıqlarını paytaxtımızın xəritəsindən silərək, dünya mütəxəssislərinin alqışladığı Ağ şəhər nümunəsinin yaradılmasına nail olmuşuq.
Başqa bir fakt. Azərbaycan Prezidenti ölkənin hər yerində, xüsusən işğaldan azad edilmiş ərazilərimizdə miqyası heyrət və heyranlıqla qarşılanan bərpa, quruculuq və yeni urbanizasiya layihələrinin həyata keçirilməsinə nail olur. Bu prosesdə onun ən yaxın silahdaşı məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Mehriban xanım şəhərsalma məsələlərinin daim diqqət mərkəzində saxlaması, bu istiqamətdə ardıcıl, məhsuldar siyasət həyata keçirilməsi ilə xalqın olduqca böyük rəğbətini qazanmışdır. Xalq bu prosesi – Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan bərpa və urbanizasiya layihələrini ona görə yüksək qiymətləndirir, təqdir edir ki, orada görülən işlər çox olsa da, hələ görüləcək işlər sözün həqiqi mənasında ölçüyəgəlməzdir.
Beləliklə, Azərbaycan COP 29-dan sonra daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə hər şeyi qara rəngdə görən bədxahlarımıza və onların havadarlarına başa saldı ki, biz təkcə ölkəmizin tərəqqisinə, regionumuza sülh gətirilməsinə çalışmırıəq. Biz həm də dünyanın bütün xalqlarının və ölkələrinin problemlərinin həllinə kömək etməyə çalışırıq və buna nail oluruq. Biz kiminsə evini dağıtmırıq, hamının evi, mənzili, sığınacağı olması üçün lazım olan addımların atılmasını dəstəkləyirik.
Bütün qitələrin təmsilçilərini bir masa ətrafına toplamaq gücün və iradən əbədi olsun, Azərbaycan!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist