AZ

Əli Əl-Əhməd: Səudiyyə Ərəbistanında daşınmaz əmlak kreditlərinin həcmi 1 trilyon riyala çatıb

BAKI, 21 may. TELEQRAF

Səudiyyə Ərəbistanında əgər vətəndaşın aylıq gəliri 4 000 Səudiyyə riyalı və ya daha çoxdursa, əlçatan mənzil proqramına uyğun hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Nazirliyində Təchizat Zənciri üzrə Baş Menecer Əli Əl-Əhməd WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Razılaşma” adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, aylıq 1 000 dollar gəliri olan şəxs əlçatan mənzil proqramına uyğun hesab edilir:

“Hökumətin yerli banklarla birgə hazırladığı müxtəlif subsidiya paketləri mövcuddur. Səudiyyədə 13-dən çox bank bu daşınmaz əmlak kreditlərini təqdim edir. Son beş ildə daşınmaz əmlak kreditlərinin həcmi 400 milyard Səudiyyə riyalından təxminən 1 trilyon riyala yaxınlaşıb – hazırda bu göstərici 900 milyard riyaldan çoxdur. Bunlar mənzil almaq hüququ olan Səudiyyə vətəndaşlarına verilən subsidiyalı ipoteka kreditləridir.

Bu kreditlər vətəndaşlar üçün daha cəlbedici edilib, çünki hökumət ya kreditin faizini subsidiyalaşdırır, ya da siz kredit götürüb hökumət tərəfindən subsidiyalaşdırılmış ev aldıqda sizə geri qaytarılmayan 100 min və ya 150 min riyal məbləğində dəstək verir.

Daha az gəliri olan və ya ümumiyyətlə gəliri olmayan insanlar üçün isə Səudiyyə Ərəbistanında Mənzil Nazirliyi nəzdində “Developmental Housing” (İnkişaf Mənzili) adlı proqram fəaliyyət göstərir. Bu proqram xeyriyyə fondları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Maliyyə ya hökumətdən, ya xeyriyyə fondlarından, ya da fərdi ianəçilərdən toplanır və vahid fonda yönəldilir.

Hazırda Səudiyyədə 200 mindən çox ailə bu proqramdan faydalanır. Onlardan 209 min mənzil birbaşa nazirlik tərəfindən tikilib, qalanları isə özəl sektordan alınıb”.

Seçilən
35
teleqraf.com

1Mənbələr