BAKI, 21 may. TELEQRAF
Əmlak vergisi mütləq lazımdır. O, infrastruktur investisiyalarının vacib hissəsidir. Amma eyni zamanda ailələrin ödəmə qabiliyyətini və bunun nə qədər davamlı ola biləcəyini nəzərə almaq çox vacibdir.
Teleqraf xəbər verir ki, bu barədə Əlverişli Mənzil Maliyyələşdirmə Mərkəzinin İcraçı Direktoru və Təsisçisi Kecia Rust WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Razılaşma” adlı tədbirdə çıxışında deyib.
“Uzun müddət Cənubi Afrika şəhərlərində belə bir fikir vardı ki, çox aşağı gəlirli insanlar üçün əmlak vergisinin toplanması onsuz da iqtisadi baxımdan çətindir və xərcləri çoxdur. Amma indi texnologiyalar bu prosesi daha ucuz və effektiv edə bilər. Eyni zamanda bu, xidmətlər üçün ödəniş və məsuliyyət münasibətini də qoruyur. Və nəticədə vergi ödəyən sakinlər xidmət tələb etmək üçün daha güclü mövqeyə sahib olurlar.
Burada maraqlı bir fikir də var: əmlak vergisinin ödənişini satış mərhələsinə qədər təxirə salmaq mümkündürmü? Yəni insan evini satdığı zaman vergini ödəsin. Beləliklə, insanlar sırf vergi səbəbilə yaşadıqları ərazidən sıxışdırılıb çıxarılmasınlar.
Cənubi Afrikanın bəzi məhəllələrində də belə vəziyyət var: çox kasıb insanlar oturduqları ərazilərin dəyəri artdıqca faktiki olaraq “varlı torpağın üzərində kasıb qalırlar”. Onlar həmin artan dəyərdən faydalanmalı, sadəcə qiymət artımına görə oradan çıxarılmamalıdırlar”, - deyə o qeyd edib.
O əlavə edib ki,torpaq dəyərinin tutulması (land value capture) ideyası olduqca vacib məqamdır:
“Bu Latın Amerikasında da çox geniş istifadə olunur və “Lincoln Institute” tərəfindən də təşviq edilir. Məntiq belədir: əgər bələdiyyə torpaq və infrastruktur investisiyası edirsə və bunun nəticəsində həmin ərazinin dəyəri artırsa, bu artan dəyərin bir hissəsi ya şirkətlərdən, ya da həmin ərazidən faydalanan subyektlərdən dövlət tərəfindən geri alınmalıdır. Bu vəsait isə sosial xidmətlərə yönəldilə bilər – xüsusilə aşağı gəlirli insanların ödəyə bilmədiyi xidmətlərə.
Bu, mürəkkəb məsələdir, amma əsas ideya ədalətlidir: sistem həm ədalətli olmalı, həm də aşağı gəlirli əhali üçün daha yaxşı xidmətlərin maliyyələşdirilməsinə imkan verməlidir”.