AZ

Fələstində 37 mindən çox insan köçkün düşüb - nazir

Fələstin hökuməti Qəzza zolağında müharibə nəticəsində dağıdılmış yaşayış fondunun bərpası üçün beşillik plan hazırlayıb. Bunu Bakıda WUF13 forumunda Fələstin Dövlətinin yerli özünüidarəetmə naziri Sami A. Hijjavi bildirib.

Hijjavinin sözlərinə görə, Qəzzada təxminən 372 min yaşayış vahidi zərər görüb, onlardan 60 minə yaxını qismən zədələnib.

Qalan mənzillərin böyük hissəsi tam və ya ciddi dağıntıya məruz qalıb.

Nazir bildirib ki, Qəzza əhalisinin böyük əksəriyyətini təşkil edən təxminən 1,9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.

İordan çayının qərb sahilində, xüsusilə Cenin və Tulkarim düşərgələrində isə 10 mindən çox yaşayış vahidi qismən və ya tam dağılıb, 37 mindən çox insan köçkün olub.

Hijjavi deyib ki, bərpa planı ilkin mərhələdə müvəqqəti yaşayış yerlərinin təmin edilməsini və qismən zədələnmiş evlərin təmirini, növbəti mərhələdə isə 200 mindən çox yeni yaşayış vahidinin tikintisini nəzərdə tutur.

Onun sözlərinə görə, yenidənqurma yalnız mənzillərlə məhdudlaşmamalı, su və kanalizasiya şəbəkələri, məktəblər, xəstəxanalar və digər əsas infrastruktur da bərpa edilməlidir.

“Qəzzanın yenidən qurulması yalnız mühəndislik prosesi deyil, insanlara ümidin qaytarılması üçün humanitar və mənəvi məsuliyyətdir,” -Hijjavi bildirib.

Nazir əlavə edib ki, bərpa prosesi üçün uzunmüddətli maliyyələşmə, tikinti materialları və avadanlıqlarına çıxış, effektiv beynəlxalq koordinasiya və yerli icmaların prosesə cəlb olunması vacibdir.


Gülnar Nazimqızı

Seçilən
43
29
anews.az

10Mənbələr