AZ

WUF13-ün Azərbaycanın ali təhsilinə təsiri

Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) yalnız şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq tədbir deyil, eyni zamanda elm və təhsil sahəsində yeni tərəfdaşlıqlar üçün də əlverişli imkan yaradır. 

Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn universitet nümayəndələri və ekspertlərlə qurulan əlaqələr Azərbaycanın ali təhsil müəssisələrinin xarici universitetlərlə birgə layihələr, tələbə mübadilə proqramları və elmi tədqiqat əməkdaşlıqları həyata keçirməsinə zəmin formalaşdıra bilər.

Təhsil eksperti Ramin Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, WUF13 yalnız şəhərsalma və urbanizasiya sahəsində fikir mübadiləsi platforması kimi deyil, həm də ali təhsil və akademik əməkdaşlıq baxımından yeni imkanlar yaradan beynəlxalq tədbir kimi qiymətləndirilə bilər: 

400076

“Forum çərçivəsində müxtəlif ölkələrdən nümayəndələrin iştirakı Azərbaycan universitetlərinin xarici ali təhsil müəssisələri ilə əlaqələrini daha da gücləndirməsinə şərait yaradacaq. Bu görüşlər nəticəsində ortaq elmi layihələrin, akademik tərəfdaşlıqların və yeni təhsil proqramlarının formalaşması ehtimalı yüksəkdir.

Həmçinin, Forumdan sonra tələbə və müəllim mübadiləsi istiqamətində yeni addımların atılması gözlənilir. Xarici universitetlərlə əməkdaşlığın genişlənməsi Azərbaycan tələbələrinin beynəlxalq təhsil imkanlarına çıxışını artırmaqla yanaşı, ölkəmizə gələn xarici tələbələrin sayına da müsbət təsir göstərə bilər”. 

Ekspertin fikrincə, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun və təhlükəsiz mühitinin nümayişi baxımından da önəm daşıyır: 

“Xarici iştirakçıların ölkə ilə yaxından tanış olması Azərbaycanın etibarlı tərəfdaş və müasir təhsil məkanı kimi tanınmasına töhfə verəcək. Bu isə gələcəkdə ölkəmizdə təhsil almağa maraq göstərən gənclərin sayının artmasına şərait yarada bilər”.

Günel Cəlilova

Seçilən
17
1
hit.az

2Mənbələr