AZ

“Qarabağ”ın açdığı cığır uşaq futbolunda canlanma yaradıb

Sumqayıtdakı “Polad-2024” klubunda gələcəyin çempionları yetişir

Mavi ekranda Olimpiya Oyunlarını, Avropa və Dünya çempionatlarını izləyəndə fəxrlə ucalan bayrağımıza baxıb qürur duyuruq. Amma çox vaxt o nəhəng arenalarda uğur qazanan çempionlarımızın bu zirvəyə doğru ilk addımlarını harada atdıqları barədə düşünmürük. Cavab, əslində, çox sadədir: bu yol uşaq və yeniyetmələrin üzünə qapılarını açan ixtisaslaşmış idman ocaqlarından, peşəkar rəqabət mühiti yaradan klublarımızdan başlayır.

Uşaq futbolundakı mövcud vəziyyəti və gənc istedadların hazırlıq prosesini yaxından izləmək məqsədilə yolumuzu Sumqayıt şəhərinin Dənizkənarı Bulvarında yerləşən, “Polad-2024” futbol klubunun fəaliyyət göstərdiyi “Azfar” stadionundan saldıq. Meydançaya yaxınlaşdıqca bizi taktiki tapşırıqları yerinə yetirən, bir-birindən maraqlı ötürmələrlə qapıya doğru şığıyan onlarla azyaşlının coşqusu və gələcəyin futbolçusu olmaq üçün çalışan gənc həvəskarların qələbə əzmi qarşıladı. Stadionda həm balacaların bu həyəcanlı oyununu izlədik, həm də klubun rəhbərliyi və məşqçi heyəti ilə həmsöhbət olduq.

Ölkəmizin müstəqilliyi və bütövlüyü uğrunda döyüşmüş, Horadiz və Şuşa əməliyyatını uğurla həyata keçirən komandirlərdən biri, "Azərbaycan Bayrağı" ordenli Qarabağ qazisi, "Polad-2024" futbol klubunun prezidenti Zahir Həsənovla söhbət əsnasında öyrəndik ki, onun rəhbərlik etdiyi klub müstəqil, özəl idman ocağıdır. Təsis olunduğu 2024-cü ildən bəri qısa müddət keçməsinə baxmayaraq, gələcəyin futbolçularının yetişdirilməsi üçün ölkəmizdə yaradılmış şəraitdən istifadə edərək peşəkar idarəçilik sistemi qurduqlarını söyləyən klub rəhbəri gələcək planlardan da söz açdı:

– Prezident İlham Əliyevin mötəbər yarışlarda fərqlənən idmançılarla şəxsən görüşməsi və onların dövlət tərəfindən yüksək qiymətləndirilməsi cəmiyyətdə, xüsusən də uşaqlar və yeniyetmələr arasında idmana marağı daha da artırıb. Dövlət başçısının çempionlara ünvanladığı “Siz bizim qəhrəmanlarımızsınız” mesajı böyük arenalara çıxmaq istəyən minlərlə azyaşlı və yeniyetmə idmançı üçün güclü stimul rolunu oynayır. Gənc nəsil dövlətin idmançıya verdiyi bu yüksək dəyərdən həvəslənir, özünə güvənərək erkən yaşlarından idman komplekslərinə üz tutur. Məhz bu güclü motivasiya sayəsində respublikamızın müxtəlif şəhərlərində fəaliyyət göstərən peşəkar klublarda vaxtilə beynəlxalq arenalarda uğur qazanan idmançılarımız zəngin təcrübələrini yetirmələri ilə bölüşür, onlara idmanın sirlərini və taktikalarını öyrədərək gələcəyin çempionlarını yetişdirirlər.

Ölkəmizdə futbol uşaq və yeniyetmələr arasında xüsusi şöhrət qazanıb. Bu idman növünə olan kütləvi marağın artmasında, şübhəsiz ki, Ağdamın “Qarabağ” klubunun son zamanlar qazandığı tarixi uğurların böyük rolu var. Komandanın UEFA Çempionlar Liqası, UEFA Avropa Liqasında nümayiş etdirdiyi peşəkar oyun, ardıcıl qələbələr tribunalardan və ekranlardan qarşılaşmaları izləyən azyaşlı azarkeşlərin futbola olan marağını daha da artırıb. Məhz bu uğurlardan ruhlanan minlərlə uşaq gələcəkdə beynəlxalq səviyyəli peşəkar futbolçu olmaq məqsədilə futbol klublarına üz tutur.

Vitse-prezidentimiz Elvin Xasiyevlə birlikdə azyaşlıların fiziki və mənəvi hazırlığı üçün hər bir şəraitin yaradılmasını daim diqqətdə saxlayırıq. Hazırda qapılarımız 6 yaşından etibarən uşaqların üzünə açıqdır və ümumilikdə, 100-ə yaxın azyaşlı və yeniyetmə burada futbolun sirlərinə yiyələnir. Məşq prosesində uşaqların məktəb qrafikini də unutmamışıq. Belə ki, dərslərinə mane olmamaq üçün məşqləri həftədə 3 dəfə – həm səhər, həm də günorta növbələrində qruplar üzrə təşkil edirik.

Klubun qısa müddətdə qazandığı uğurlar və gələcək planlar barədə danışan vitse-prezident Elvin Xasiyev uşaqların gərgin əməyinin və peşəkar yanaşmanın artıq real nəticələr göstərdiyini bildirdi:

– Klubumuzda çalışan UEFA kateqoriyalı peşəkar məşqçilər sayəsində komandalarımız indiyə qədər Sumqayıt daxili turnirlərdə uğurla iştirak edərək 2-ci və 3-cü yerləri qazanıblar. Xüsusilə U-9 komandamız Respublika Çempionatında şəhərimizi layiqincə təmsil edir. AFFA-nın təşkilatçılığı ilə keçirilən "Bahar Turniri"ndə mükafatçılar siyahısında yer alan komandamız, Sumqayıt daxili çempionatını da 2-ci pillədə başa vurub.

Sevindirici haldır ki, "Polad-2024" hazırda davam edən birincilikdə də turnir cədvəlinin lideridir. Bu uğurları daha da inkişaf etdirmək niyyətindəyik. Gələn mövsümdə AFFA-nın bayrağı altında keçiriləcək rəsmi liqalarda klubumuzun müxtəlif yaş kateqoriyaları üzrə 3 və ya 4 komanda ilə təmsil olunmasını nəzərdə tuturuq.

Bizim üçün sosial məsuliyyət və milli-mənəvi dəyərlər ön plandadır. İstedadlı, maddi imkanı zəif olan uşaqlar və şəhid övladları klubumuzda tamamilə ödənişsiz məşq edirlər. Əlbəttə, özəl bir klub olaraq bu kütləviliyi qorumaq, sosial layihələrimizi davam etdirmək və daha böyük uğurlara imza atmaq üçün müəyyən dəstəyə ehtiyac duyulur. Gələcəkdə həm müvafiq dövlət qurumlarının diqqətini, həm də bu sahəyə maraq göstərən sponsorların, xeyriyyəçilərin dəstəyini görmək istərdik. Çünki bu azyaşlılara qoyulan investisiya, bütövlükdə, Azərbaycan futbolunun gələcək uğurlarının zəmanətidir.

Azyaşlıların peşəkar idman vərdişlərinə yiyələnməsində mini futbol üzrə dünya və Avropa çempionu, Çempionlar Liqasının qalibi Mirmehdi Rzayevin rolu böyükdür. Beynəlxalq arenalarda zəngin təcrübə qazanmış mütəxəssis bu gün biliklərini klubun gənc yetirmələrinə aşılayır. Təlim-məşq prosesinin gedişatı və uşaqların hazırlıq səviyyəsindən bəhs edən mütəxəssis bildirdi:

– Bizim üçün əsas hədəf təkcə yaxşı futbolçu yox, həm də cəmiyyət üçün sağlam, intizamlı və vətənpərvər gənclər yetişdirməkdir. Məşqlərdə uşaqların futbolun sirlərini dərindən öyrənməsi üçün onların fərdi bacarıqlarını ön plana çəkirik. Dünya və Avropa arenalarında qazandığım təcrübəni bu gün burada azyaşlılara aşılamaqdan qürur duyuram. Qürurvericidir ki, yetirmələrimiz həm yaşıl meydanda, həm də məktəbdə olduqca məsuliyyətlidirlər. Valideynlərlə sıx təmasda oluruq, uşaqların dərslərini də nəzarətdə saxlayırıq.

Komandanın təcrübəli məşqçilərindən biri də İlham Zeynalovdur. Uşaqların zərərli vərdişlərdən qorunmasında idmanın əvəzsiz rolunu xüsusi vurğulayan məşqçi müasir dövrün ən böyük problemlərindən birinə toxundu:

– Bu gün uşaqların fiziki inkişafı qədər, onların rəqəmsal dünyanın asılılığından qorunması da aktual məsələdir. Smartfonlar, sosial şəbəkələr və saatlarla davam edən virtual oyunlar azyaşlıları real həyatdan, canlı ünsiyyətdən qoparıb. Bizim əsas missiyalarımızdan biri də uşaqları texnologiyanın mənfi təsirlərindən uzaqlaşdıraraq fəal və sağlam həyata yönəltməkdir. Futbol sayəsində onlar həm fiziki cəhətdən sağlam böyüyür, həm də komanda daxilində real dostluq münasibətləri qururlar. Sağlam nəsil yetişdirmək cəmiyyət qarşısındakı ən böyük öhdəliyimizdir.

Klubun digər təcrübəli məşqçisi Elmir Xasıyev azyaşlıların fiziki inkişafı və fərdi bacarıqlarının artırılmasından söz açaraq futbolun onların həyatındakı rolundan bəhs etdi:

– Məqsədimiz uşaqlara təkcə top qovmağı öyrətmək deyil. Futbol həm də kollektiv oyun olduğu üçün azyaşlılarda komanda ruhunu, çətin anlarda bir-birinə dəstək olmağı formalaşdırır. Məşq prosesində hər bir uşağın fiziki potensialını diqqətlə izləyir, onların yorulmadan, zövq alaraq inkişaf etməsinə çalışırıq. Müasir futbolda taktiki savad çox erkən yaşlardan aşılanmalıdır və biz də dərslərimizi məhz beynəlxalq standartlara uyğun təşkil edirik. Valideynlərin bizə olan etimadı və uşaqların futbola olan sevgisi hər bir çətinliyin öhdəsindən gəlmək üçün bizə güc verir.

Klubun mütəxəssislərindən Elnur Seyidov isə azyaşlılarla işin psixoloji tərəflərinə və məşq prosesinin cəlbedici olmasına diqqət çəkdi:

– Uşaq futbolunda ən vacib məqam onlara bu idman növünü sevdirməkdir. Məşqlərimizi elə qururuq ki, uşaqlar bura gələndə həm öyrənsinlər, həm də sıxılmadan, əylənərək peşə vərdişlərinə yiyələnsinlər. Hər bir uşağın daxili dünyasına, xarakterinə fərdi yanaşırıq. Çünki meydançada uğur qazanmağın yolu uşağın özünə olan güvənindən və məşqçisi ilə qurduğu səmimi ünsiyyətdən keçir.

Məşq prosesini izləyərkən meydançada xüsusi aktivliyi ilə seçilən balaca istedadlılarla da həmsöhbət olduq. 2017-ci il təvəllüdlü Cahid Muradzadə və 2018-ci il təvəllüdlü Əli Eyvazlı gələcəkdə böyük arenalarda ölkəmizin bayrağını dalğalandırmaq arzusunda olduqlarını söylədilər. Onların topla davranışı, həmyaşıdları ilə qurduqları taktiki ötürmələr və gözlərindəki qələbə sevinci bir daha sübut edir ki, dövlətin idmana verdiyi dəstəyin və belə peşəkar klubların sayəsində Azərbaycan futbolunun gələcəyi etibarlı əllərdədir.

Elenora HƏSƏNOVA
XQ

Seçilən
19
xalqqazeti.az

1Mənbələr