ABŞ administrasiyası Kubanın keçmiş lideri Raul Kastroya qarşı illərdir bağlı qalan ən qalmaqallı dosyelərdən birini yenidən açıb. Vaşinqton 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələri tərəfindən vurulan və nəticədə üç ABŞ vətəndaşı daxil olmaqla dörd nəfərin öldüyü hadisəyə görə Raul Kastronu və daha 5 şəxsi qətl və sui-qəsddə ittiham edib.
Musavat.com xəbər verir ki, ittihamnamə Mayamidə keçirilən xüsusi tədbirdə elan olunub. ABŞ Baş prokuroru vəzifəsini icra edən Todd Blanche bildirib ki, həmin dövrdə Kuba Silahlı Qüvvələrinin rəhbəri olmuş Raul Kastro “Brothers to the Rescue” təşkilatına məxsus 2 mülki təyyarənin vurulmasına görə məsuliyyət daşıyır. Hadisə zamanı Armando Alejandre Jr., Carlos Alberto Costa, Mario Manuel de la Pena və Pablo Morales həlak olmuşdu. ABŞ tərəfi bunu qəsdən həyata keçirilmiş siyasi qətl kimi qiymətləndirir. Hazırda 94 yaşında olan Raul Kastro barədə həbs orderi verildiyi açıqlansa da, onun ABŞ-a gətirilməsi imkanları qeyri-müəyyən olaraq qalır. ABŞ rəsmiləri bu məsələ ilə bağlı konkret əməliyyat planını açıqlamayıblar. Bununla belə, Vaşinqtonun son aylarda Venesuelanın keçmiş prezidenti Nikolas Maduroya qarşı sərt addımlar atması yeni ssenarilər barədə müzakirələri gücləndirib. Kuba rəhbərliyi isə ittihamları dərhal rədd edib. Prezident Miguel Dias-Kanel bunu “heç bir hüquqi əsası olmayan siyasi manevr” adlandıraraq Vaşinqtonu Kuba əleyhinə yeni kampaniyaya başlamaqda suçlayıb. Havana rəsmi olaraq bildirir ki, 1996-cı ildə vurulan təyyarələr Kuba hava məkanını pozmuşdu və ölkə “qanuni özünümüdafiə hüququndan” istifadə edib.
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Vaşinqtonun son aylardakı davranışlarına diqqətlə baxanda belə bir mənzərə yaranır:
“Donald Tramp administrasiyası ard-arda geosiyasi divarlara dəyir və indi təcili şəkildə qələbə görüntüsü axtarır. Problem ondadır ki, ABŞ-ın qarşısında duran əsas oyunçular artıq 1990-cı illərin zəif dövlətləri deyil. Dünya dəyişib, qüvvələr nisbəti dəyişib və Vaşinqtonun klassik təzyiq alətləri əvvəlki effekti vermir. Ukraynada Rusiya dayandırıla bilmədi. Əksinə, müharibə uzandıqca ABŞ-ın resursları tükənməyə başladı. Tramp administrasiyası anlayır ki, Kreml artıq yalnız hərbi yox, həm də iqtisadi və psixoloji müharibə modelinə keçib. Vaşinqtonun isə Rusiyaya qarşı yeni öldürücü sanksiya paketi qalmayıb”.
Siyasi şərhçi deyir ki, Tramp adminstrasiyasının İran məsələsində vəziyyət daha mürəkkəbdir:
“ABŞ Yaxın Şərqdə Tehranın müqavimət şəbəkəsini qıra bilmədi. Əksinə, bölgədə Amerika bazaları və müttəfiqləri daha həssas vəziyyətə düşdü. Vaşinqtonda Tramp da daxil hər kəs başa düşub ki, İranı tam məğlub etmək mümkün deyil. Bu mərhələdə ABŞ yalnız zərərləri minimuma endirməyə çalışır”.
Siyasi şərhçi deyir ki, Tramp adminstrasiyasının Çin məsələsində də “dişi sınıb”: “Pekin Trampı açıq şəkildə “Fukidid tələsi” ilə hədələyir. Yəni ABŞ Çinin yüksəlişini zorla dayandırmağa çalışsa, nəticədə özü strateji tükənmə bataqlığına düşə bilər. Bu səbəbdən Vaşinqtonun Pekin üzərində sürətli qələbə qazanmaq şansı faktiki görünmür”.
Kamran Məmmədli ABŞ-ın Qrenlandiya məsələsində Avropadan çox sərt mesaj aldığını vurğulayıb:
“Trampın adanı nəzarətə götürmək planı barədə siqnallar yayılan kimi, avropalı maliyyə dairələri ABŞ trejerislərinin satış kartını gündəmə gətirdilər. Bu isə Vaşinqton üçün birbaşa maliyyə təhlükəsidir. Kanada və Meksika istiqamətində də eyni səbəbdən geri çəkilmə müşahidə olunur. Belə vəziyyətdə Trampın əlində “asan hədəf” kimi yalnız Kuba qalır. Vaşinqton hesab edir ki, uzunmüddətli blokada ilə Havana hakimiyyətini diz çökdürəcək. Yanacaq və ərzaq qıtlığı yaradılacaq, xalq küçələrə çıxacaq, kommunist hakimiyyət çökməyə məcbur olacaq. Daha sonra isə Venesuela modelinə uyğun şəkildə Kuba ABŞ-ın nəzarət orbitinə salınacaqdı. Amma hesablamalar tam alınmadı. Kuba rəhbərliyi geri çəkilmədi. Elektrik böhranı, yanacaq çatışmazlığı və sosial gərginliyə baxmayaraq Havana Vaşinqtonun şərtlərini qəbul etmədi. Əksinə, ABŞ emissarlarına sərt cavab verildi: “Qovulmalı qüvvə varsa, ilk növbədə Quantanamodakı ABŞ bazasıdır”. Məhz bundan sonra Raul Kastro kartı masaya qoyuldu. 1996-cı ildə “Brothers to the Rescue” təşkilatının təyyarələrinin vurulması hadisəsinin yenidən gündəmə gətirilməsi təsadüfi görünmür. Bu, hüquqi prosesdən çox siyasi və psixoloji əməliyyata bənzəyir. Məqsəd Raul Kastronu cinayətkar kimi təqdim edib gələcək xüsusi əməliyyat üçün legitim zəmin yaratmaqdır. Maduro presedenti artıq var. Vaşinqton əvvəlcə hüquqi ittiham irəli sürür, sonra isə ədalətin təmin olunması adı altında siyasi-hərbi əməliyyata keçir”.
Siyasi şərhçi deyib ki, burada da gözlənilməz problem ortaya çıxıb:
“ABŞ mediasında yayılan məlumatlara görə, İran və Rusiya Kubaya yüzlərlə dron ötürüblər. Bu məlumat Vaşinqtonda ciddi panika yaradıb. Çünki Kuba artıq əvvəlki zəif ada dövləti deyil. Florida ilə Kuba arasındakı məsafə cəmi 140-150 kilometrdir. Əgər Havana həqiqətən müasir dron imkanlarına malikdirsə, o zaman Mar-a-Laqo iqamətgahı, Ki-Vest aviabazası, hətta Quantanamo belə potensial risk zonasına çevrilir. Ən təhlükəlisi isə budur ki, ABŞ ərazisi uzun illər xarici hərbi təhlükədən uzaq olduğu üçün ölkənin cənub istiqamətində ciddi hava hücumundan müdafiə infrastrukturu qurulmayıb. “Patriot” sistemlərinin böyük hissəsi artıq Ukrayna və Yaxın Şərq böhranlarında istifadə olunub. Bu isə Vaşinqton üçün yeni psixoloji reallıq yaradır. ABŞ əhalisi öz ərazisinin də zərbə altında qala biləcəyini hiss etməyə başlayır. Digər kritik məsələ Florida boğazıdır. Kuba istəsə, dron və asimmetrik hücum vasitələri ilə Karib hövzəsində enerji daşımalarını risk altına sala bilər. Bu isə ABŞ enerji bazarına ciddi zərbə vura bilər”.
E.Məmmədəliyev,
Musavat.com