AZ

Gürcüstana qatarla getmək üçün biletlər BAHADIR

Bakı-Tbilisi-Bakı marşrutu Qatar qiyməti insanları sevindirmədi.

Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının bilet qiymətlərini açıqlayıb. Marşrut üzrə səyahət tarifləri aşağıdakı kimidir:
-  Bakı–Tbilisi — 81 AZN-dən
- Yevlax–Tbilisi — 67 AZN-dən
-  Gəncə–Tbilisi — 62 AZN-dən
- Ağstafa–Tbilisi — 57 AZN-dən
- Böyük Kəsik–Qardabani — 51 AZN-dən başlayır.

Hərçənd ki, açıqlanan qiymətlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxlarının fikrincə, qiymətlər təyyarə biletləri ilə müqayisədə demək olar ki, eynidir və ciddi fərq hiss olunmur. Məlumdur ki, 2020-ci ildə pandemiya səbəbindən Azərbaycanın Gürcüstanla quru sərhədləri bağlanmış, həmin ölkəyə gediş-gəliş yalnız təyyarə ilə mümkün olmuşdu. 

Lakin aviabiletlərin baha olması hər kəsin bu imkandan yararlanmasına şərait yaratmırdı. İnsanlar illərdir quru və ya qatar yolu ilə Gürcüstana səfər etməyi arzulayırdı. Nəhayət, bu arzu qatar marşrutunun açılması ilə gerçəkləşsə də, biletlərin yüksək qiyməti yenidən bir çox insanın ümidlərini puça çıxardı.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Gürcüstana səfər etmək üçün yalnız bilet xərci kifayət etmir. Gürcüstan hökumətinin qəbul etdiyi yeni qaydalara əsasən, ölkəyə daxil olan hər bir sərnişin ayrıca səyahət sığortası ilə təmin olunmalıdır. Məsələn, vətəndaş bir həftəlik səfər planlaşdırırsa, sığorta üçün təxminən 12 manat əlavə ödəniş etməlidir. 

Səfərin müddəti artdıqca sığorta haqqı da müvafiq şəkildə yüksəlir. Bu isə o deməkdir ki, Gürcüstana gedən şəxslər bilet qiymətindən əlavə əlavə xərclərlə də qarşılaşırlar.

Unutmaq olmaz ki, insanlar Gürcüstana yalnız turistik məqsədlərlə getmirlər. Azərbaycanda yaşayan çoxsaylı Gürcüstan vətəndaşları və orada doğmaları olan şəxslər var. Onlar ailə üzvlərini görmək, yaxınlarını ziyarət etmək, illərdir həsrət qaldıqları ata-anaları ilə görüşmək istəyirlər. Bu baxımdan, qatar biletlərinin baha olması həmin insanlarda məyusluq yaradıb. 

Günel Cəlilova

Seçilən
14
hit.az

1Mənbələr