Cari ilin 4 ayında ixrac 29,1 faiz çoxalıb
Ölkəmizdə məhsul bolluğunun təmin edilməsində önəmli payı olan aqrar sahə iqtisadiyyatın qeyri-neft sektorunun sütunlarından sayılır. Təsadüfi deyil ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi neft sektorundan asılılığın azaldılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından prioritetə çevrilib. Son illər Prezident İlham Əliyevin aqrar sektora xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbirlər nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunub.
Son 22 il ərzində dövlət dəstəyi (subsidiyalar, güzəştli kreditlər) və müasir texnologiyaların tətbiqi nəticəsində məhsul istehsalının həcmi real ifadədə 2 dəfədən çox artıb. Ümumilikdə isə, Azərbaycanda qiymətli kənd təsərrüfatı məhsullarından sayılan meyvə-tərəvəz, pambıq, fındıq və baramaçılıq kimi sahələrdə ciddi inkişaf qeydə alınıb. Bunun da nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı dəyər ifadəsində dəfələrlə artaraq rekord həddə çatıb.
Aqrar sektorda müşahidə olunan müsbət dinamika bu ilin yanvar-aprel aylarında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-ci ilin ilk 4 ayında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 536,9 milyon manat təşkil edib. Bunun da 2 milyard 320,4 milyon manatı heyvandarlıq, 216,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsalı 2 faiz artıb. Hesabat dövründə heyvandarlıq məhsulları üzrə 1,5, bitkiçilik məhsulları üzrə isə 7,6 faiz artım qeydə alınıb.
Bununla belə, kənd təsərrüfatının mühüm sahələrindən sayılan bitkiçilik məhsullarının istehsalının artırılması üçün ölkədə geniş imkanlar mövcuddur. Bu səbəbdəndir ki, son illər istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əkin sahələrinin genişləndirilməsi isə məhsul bolluğuna təminat yaradan mühüm amildir. Bu məqsədlə cari ilin əvvəlindən başlayaraq bitkiçilik məhsullarının əkini intensiv qaydada davam etdirilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında ölkə üzrə 265,1 min hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahələrinin 45 min 376,4 hektarını dənli və dənli paxlalı bitkilər, 79 min 879,3 hektarını texniki bitkilər, 39 min 608,1 hektarını kartof, 39 min 445,3 hektarını tərəvəz, 10 min 873,9 hektarını bostan bitkiləri, 49 min 627,3 hektarını isə yemlik bitkilər təşkil edib.
Yanvar-aprel aylarında təsərrüfatlarda 165,5 min ton tərəvəz və 45,8 min ton kartof istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən tərəvəz istehsalı 12,1 faiz artıb, kartof istehsalı isə 11,9 faiz azalıb. Kartof istehsalında gerilik, əsasən, əkin sahələrinin azalması və ayrı-ayrı günlərdə müşahidə edilən əlverişsiz hava şəraiti ilə bağlı olub.
Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də ölkədə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu baxımdan sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər mal-qaranın baş sayının artmasına və heyvanların məhsuldarlığının yüksəlməsinə səbəb olub. 2026-cı ilin yanvar-aprel aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 197,6 min ton ət, 701,6 min ton süd, 764,1 milyon ədəd yumurta və 1,6 min ton yun istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,2 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı isə 0,3 faiz artıb.
İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Bütövlükdə isə, kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası bu ilin ötən dövründə də davam edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın təqdim etdiyi rəqəmlərə əsasən, 2026-cı ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faiz artaraq 417,3 milyon dollar təşkil edib. Bunun da 298,3 milyon dolları (28,3 faiz artım) aqrar məhsulların, 119 milyon dollar (31,6 faiz artım) aqrar-sənaye məhsulları üzrə ixracın payına düşüb.
Cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71 faiz, pambıq lifi 49,9 faiz, meyvə-tərəvəz 22,1 faiz, çay 12,1 faiz, spirtli və spirtsiz içkilər isə 9,4 faiz artıb.
Göründüyü kimi, aqrar sahədə mövcud potensialdan səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişaf etdirilməsi üçün göstərilən dövlət dəstəyi, eləcə də müxtəlif bölgələrdə yaradılan müasir aqroparklar vasitəsilə intensiv əkinçilik və emal müəssisələrinin genişləndirilməsi və kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində həyata keçirilən mühüm tədbirlər ölkənin ərzaq təhlükəsizliyinə və ixrac potensialının artırılmasına mühüm töhfələr verir.
Qarşıdakı illərdə isə kənd təsərrüfatının hər il orta hesabla 4 faiz artacağı proqnozlaşdırılır. Elə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında bir çox sahələrdə olduğu kimi, aqrar sektorda da müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunub.
Mirbağır YAQUBZADƏ
XQ