AZ

Qarşılıqlı dərsdinləmə layihəsinin yekun tədbiri keçirilib

Bakı şəhəri 114 nömrəli tam orta ümumtəhsil məktəbində Suraxanı rayonu ümumi təhsil müəssisələrini əhatə edən qarşılıqlı dərsdinləmə layihəsinin yekun tədbiri keçirilib.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Azərbaycan Respublikası Təhsil İnstitutunun aparıcı metodisti Könül Seyidova, məktəb direktorları, metodistlər və müəllimlər iştirak ediblər.

Tədbirdə layihənin ümumi nəticələri təqdim olunub, qarşılıqlı dərsdinləmələrin müəllimlərin peşəkar inkişafına, təcrübə mübadiləsinə və məktəblərarası əməkdaşlıq əlaqələrinin güclənməsinə verdiyi töhfələr geniş şəkildə müzakirə edilib.

Bildirilib ki, qarşılıqlı dərsdinləmə layihəsi Suraxanı rayonu üzrə 76, 84, 97, 101, 114, 154, 208, 226, 232, 290 və 317 nömrəli tam orta məktəbləri əhatə edib. Layihə çərçivəsində ümumilikdə 72 müəllim iştirak edib, müxtəlif fənlər üzrə 191 dərs dinlənilib.

Çıxış edən qonaqlar müəllimlər arasında qarşılıqlı öyrənmə və praktik təcrübə mübadiləsinin müasir təhsil mühitində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, bu cür təşəbbüslər müəllimlərin fərqli pedaqoji yanaşmalarla tanış olmasına, tədris prosesində tətbiq olunan effektiv üsulları müşahidə etməsinə və peşəkar kommunikasiya imkanlarının genişlənməsinə mühüm təsir göstərir.

Çıxışlar zamanı metodiki əməkdaşlığın davamlı xarakter almasının vacibliyi, gənc müəllimlərin proseslərə daha fəal şəkildə cəlb olunması, qabaqcıl təcrübələrin sistemli şəkildə paylaşılması və məktəblərarası peşəkar platformaların genişləndirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.

Qeyd edək ki, qarşılıqlı dərsdinləmə layihəsinin əsas məqsədi müəllimlər arasında təcrübə mübadiləsinin aparılması, müasir tədris yanaşmalarının paylaşılması və peşəkar inkişafın dəstəklənməsindən ibarətdir.

Seçilən
18
2
azedu.az

3Mənbələr