AZ

“Xaos içində təmkinli qüvvə”

Si Cinpin Rusiya – Çin münasibətlərini belə qiymətləndirir

Çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri və bu ölkənin Prezidenti Si Cinpin tərəfindən yüksək səviyyədə qəbulu dünya mətbuatında müxtəlif aspektlərdən şərh olunub. Səbəb Putinin səfərinin Donald Trampın Pekinə gəlişindən sonraya təsadüf etməsidir. Çin mətbuatı bu ardıcıl iki zirvə görüşünü Pekin və Moskva arasında davamlı etimadın və Çinin iki böyük dövlətlə münasibətləri idarə etmək qabiliyyətinin sübutu kimi qiymətləndirir.

Rusiya–Çin münasibətlərini “misilsiz” qiymətləndirən Prezident Putin bildirib ki, “Bütün iştirakçıların maraqlarının balansına əsaslanan polisentrik bir dünyanın formalaşması mürəkkəb bir prosesdir. Bizim xarici siyasətdə əməkdaşlığımız isə beynəlxalq müstəvidə əsas sabitləşdirici amillərdən biridir”. İran müharibəsindən və Hörmüz boğazının bağlanmasından sonra yaranan enerji böhranı fonunda Vladimir Putin Rusiyanı “etibarlı resurs təchizatçısı”, Çini isə “məsuliyyətli istehlakçı” adlandırıb. Rusiyanın enerji təchizatını Çinlə ikitərəfli ticarətin hərəkətverici qüvvəsi adlandıran Putinin sözlərinə görə, iki dövlət arasında ticarət dövriyyəsi “bir neçə il ardıcıl olaraq 200 milyard dollar həddini inamla keçib”.

Zirvə görüşünü diqqətdə saxlayan ekspertlər Putinin “Sibirin gücü 2” layihəsini təbliğ etməsini xüsusi vurğulayırlar. Layihə Yamaldan Monqolustan vasitəsilə Şimali Çinə ildə 50 milyard kubmetr Rusiya qazının çatdırılmasını nəzərdə tutur.

Qərb mətbuatının səfər haqqında qeydləri və şərhləri Çin-Rusiya münasibətlərinin hazırkı mərhələsinin bir çox aspektlərini maraqlı detallarla diqqətə çatdırır. Məsələn, “The New York Times” qəzeti qeyd edir ki, Moskva ilə Pekin arasındakı yaxınlaşma fonunda Rusiya Çin üçün hərbi potensialdan və nüvə silahlarından tutmuş, enerjiyə və Yaxın Şərqdəki böhranlara qədər əsas strateji tərəfdaş kimi görünür. Eyni zamanda, hər iki ölkə Qərb dünya nizamına alternativ bir dünya nizamı yaratmaqda ortaq maraqlarını vurğulayır. Qəzet yazır: “Rusiyanın nüvə arsenalı xeyli böyükdür. Bu da onu Tayvanla bağlı münaqişə də daxil olmaqla, istənilən supergüclərin münaqişəsində həyati müttəfiqə çevirə bilər”.

Qəzet yazır ki, “Trampın Fars körfəzindəki hərbi gedişlərinin yaratdığı qarışıqlıq Çinə enerji təchizatını pozub və indi Rusiya özünü etibarlı alternativ kimi təqdim edir. Rusiya rəsmiləri Pekinlə enerji əlaqələrini dərinləşdirmək üçün Yaxın Şərqdəki böhrandan yararlanmağa ümid edirlər”.

Putin səfər ərəfəsindəki çıxışında bildirib ki, “Rusiya və Çin arasındakı sıx strateji münasibətlər beynəlxalq arenada sabitləşdirici rol oynayır. “Rusiya və Çin dostluğu heç kimə qarşı deyil”, bu ölkələr “sülh və universal rifah üçün çalışırlar”. Bayden administrasiyasının Milli Təhlükəsizlik Şurasının Çin və Tayvan işləri üzrə baş direktoru Culian Qevirtz “The New York Times”a müsahibəsində bildirib ki, “Putini ABŞ-ın qlobal nizam üzərində dominantlığından məyus olan Si Cinpinlə eyni düşüncəli bir lider kimi görür”.

“Bloomberg” Putinin səfərini Çinin Rusiyanın dəstəyi ilə ABŞ-ın dünya hegemonluğuna son qoymaq istəyi, Si Cinpinin militarizmə qarşı çıxmaq barədə sözlərini isə Yaponiyaya zərbə kimi şərh ediblər. Nəşr yazır: “Rusiya və Çinin çoxqütblü dünya nizamının təşviqi ilə bağlı bəyannamə imzalaması diqqətəlayiq haldır. Əlbəttə ki, hər iki tərəfin Vaşinqtonun rəhbərlik etdiyi dünya nizamından maksimum dərəcədə uzaqlaşmaq istəyi hamıya məlumdur... ABŞ və Çin arasında taktiki “atəşkəsə” və hazırda sabitliyi qorumaq istəyinə baxmayaraq, uzunmüddətli perspektivdə Çin ABŞ-a meydan oxumağa doğru irəliləyir”.

“Bloomberg” yazır ki, “Si həmçinin Yaponiyanı kəskin tənqid edərək ölkələri militarizmin hər hansı bir formada yenidən canlanmasına müqavimət göstərməyə çağırıb. O, birbaşa Yaponiyadan bəhs etməsə də, Pekin Baş nazir Sanae Takaitinin Tayvanla bağlı şərhlərindən sonra uzun müddətdir ki, Tokioya qarşı tənqidi mövqedədir”.

“NBC News” isə ekspertlərin fikirlərinə istinad edərək bildirir ki, Trampın son səfərindən sonra ABŞ ilə münasibətlərdə bir qədər istiləşməyə baxmayaraq, Çin Rusiya ilə strateji tərəfdaşlığa sadiqlik nümayiş etdirir. Analitiklər təbii hal kimi qeyd edirlər ki, Pekin Vaşinqtonla əlaqələrdə mümkün irəliləyişlərə baxmayaraq, Moskva ilə münasibətlərinin qeyd-şərtsiz etibarlı qaldığını nümayiş etdirməyə çalışacaq. Stanford Universitetinin Huver İnstitutunun əməkdaşı Cozef Torcian müsahibəsində bildirib ki, “Rusiya naminə, ABŞ-Çin görüşlərinin Moskvanın maraqlarına zərər verə biləcəyi barədə fikirlərə inanmaq doğru olmazdı. Pekin heç zaman Rusiyada xəyanət və ya ondan uzaqlaşmaq hissi yaratmaq istəməyəcək".

“The Sun” qəzeti isə məsələyə fərqli rakursdan yanaşır və iki liderin görüşünün Yaxın Şərq təchizat marşrutlarına strateji alternativ kimi “Sibirin gücü 2” qaz kəməri layihəsinə yeni təkan verə biləcəyini qabardır. Nəşr həmçinin Rusiya-Çin münasibətlərinin Trampın səfəri zamanı olduğu kimi heç bir nümayişkəranə simvolizm olmadan sabitlik nümayiş etdirdiyini vurğulayır: “Rusiya prezidenti indi bu səfərdən çoxdan gözlənilən "Sibirin gücü 2" qaz kəmərini təşviq etmək üçün istifadə edə bilər. Bu kəmər Çindən Rusiyaya Monqolustan vasitəsilə Yaxın Şərqdən daşınan neftə quru alternativi kimi yanacaq daşımaq üçün nəzərdə tutulub”.

İngiltərənin “The Guardian” qəzeti Kremlin sözçüsü Peskovun ifadəsinə istinadən yazır ki, protokol nümayişi əhəmiyyətsiz bir məsələdir:

“Dövlət mediası Putinin sammitinin Trampın sammiti ilə necə müqayisə olunduğunu soruşduqda, Kremlin sözçüsü Dmitri Peskov deyib: “Bunu müqayisə etmək heç də asan deyil”, çünki “hər şey üzdə göründüyü kimi deyil. Əsas dəyər mərasim bəzəklərində yox, məzmundadır”.

“Vaşinqton və Pekin arasındakı münasibətlərin düşmənçilik xarakterindən fərqli olaraq, Putin və Si son illərdə getdikcə daha isti münasibətlər nümayiş etdirirlər və bir-birilərini “əziz” və “köhnə” dost adlandırırlar. Çərşənbə günü yenidən səmimi salamlar mübadiləsindən sonra Putin görüşdən gözləntilərini Çin atalar sözünü xatırlatmaqla eşitdirdi: “Bütün bir gün görüşməsək belə, sanki üç payız keçib”.

Almaniyanın “Der Spiegel” nəşri də Putinin Pekindəki yüksək səviyyəli görüşünü geniş işıqlandırıb. Qəzet yazır ki, liderlərin görüşü əsasən təbii sərvətlərə yönəldi. “Xarici şəraitin əlverişsiz olmasına” baxmayaraq, Putin iqtisadi münasibətlərdə “güclü, müsbət dinamika”dan danışdı və tərəfdaşlığın “misli görünməmiş səviyyəyə” çatdığını bildirdi:

“Çin tərəfinin məlumatına görə, Si Çin və Rusiyanın qarşılıqlı siyasi etimad və strateji əməkdaşlığı daha da dərinləşdirdiyini və onları qətiyyətlə irəlilətmək niyyətində olduğunu bildirdi”. Moskvanın verdiyi məlumata görə, Rusiya Çinin aparıcı enerji ixracatçısıdır: 2025-ci ildə boru kəmərləri və mayeləşdirilmiş təbii qaz vasitəsilə 101 milyon ton neft və 49 milyard kubmetr təbii qaz nəql edilib. Putin həmçinin uzun illərdir 200 milyard dollardan çox olan ikitərəfli ticarətdə əhəmiyyətli artımı xüsusi qeyd edib.

Alman nəşri “BILD” iki liderin görüşünü qlobal siyasi rakursdan şərh edərək, supergüclər arasında strateji əməkdaşlığın “Köhnə qitə” üçün xüsusilə baha başa gələ biləcək sahələri təhlil edib. Qəzetə açıqlama verən Rusiya və Çin üzrə ekspert Adrian Hayqesin fikrincə, “Sibirin gücü 2” qaz kəmərinin istismara verilməsi Almaniyanın enerji təchizatı təhlükəsizliyini birbaşa təhdid etmir, “lakin enerji qiymətləri və geosiyasi sabitlik üçün nəticələr çox böyük olacaq”. Ekspert bu fikrində haqlıdır, çünki ucuz boru kəməri qazı Avropa bazarından demək olar ki, yoxa çıxacaq. Bu halda, Avropa istehsalı və nəqli xeyli baha olan maye qazdan tamamilə asılı olacaq. Ekspert onu da vurğulayır ki, “beləliklə, Rusiya Qərb bazarından azad olacaq və onu sanksiyalarla ram etmək asan olmayacaq”.

Pekindəki Avropa Ticarət Palatasının prezidenti Yens Eskelund isə “The Guardian”a verdiyi müsahibədə Qərbin Çindən artan asılılığının ciddi narahatlıq doğurduğunu bildirib: “Hazırda Almaniya ayda 10–15 min iş yerini itirir. Belə bir məqamda bu problem iqtisadiyyatdan kənara çıxaraq Almaniyanın təhlükəsizliyinə təhdid yarada bilər”.

ING-in baş iqtisadçısı Bjeski də xəbərdarlıq edir ki, əgər Rusiya və Çin arasında əməkdaşlıq “son nəticədə geosiyasi riskləri artırarsa və Qərb dünya nizamına zidd olan yeni bir əks mövqe yaradarsa, uzunmüddətli perspektivdə əlavə geosiyasi gərginliklər və bununla da qlobal bazarda daha yüksək qiymətlər yarana bilər”.

İqtisadçının narahatlığını başa düşmək çətin deyil. Çünki Putin və Si danışıqlarda Rusiya-Çin tərəfdaşlığını daha da dərinləşdirmək planlarını açıqlayıb və gələcəkdə uzunmüddətli strateji yaxınlaşmaya sadiq qalacaqlarını təsdiqləyiblər. Putin görüşün əvvəlində bildirib ki, “Yaxın Şərqdəki böhran fonunda Rusiya etibarlı xammal tədarükçüsü kimi rolunu qoruyub saxlayır, Çin isə bu xammalın məsuliyyətli istehlakçısı kimi çıxış edir”.

Si Cinpin də daha qlobal məsələyə münasibət bildirərək qeyd edib ki, dəyişən beynəlxalq mühitdə dünya ən güclülərin hakimiyyətinə qayıtmaq təhlükəsi ilə üzləşir. Çin Rusiya ilə xoş qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin daha da uzadılmasını dəstəkləyir və Moskva ilə strateji tərəfdaşlığını qətiyyətlə inkişaf etdirmək niyyətindədir”. Çin prezidenti ölkəsinin Rusiya ilə əlaqələrini yüksək qiymətləndirərək onları “xaos içində təmkinli qüvvə” adlandırıb.

Si Cinpin həmçinin getdikcə gərginləşən beynəlxalq vəziyyətə işarə edərək ABŞ-a üstüörtülü toxunub: “Beynəlxalq vəziyyət qarışıqlıq və transformasiya şəbəkəsi ilə xarakterizə olunur, birtərəfli hegemonluq meyilləri isə sürətlə yayılır", – deyə Çinin lideri Amerika xarici siyasətini tənqid etmək üçün tipik Çin formulalarından istifadə etdi. Bu yöndə fikirlərini davam etdirən Si Cinpin birbaşa İrana qarşı ABŞ-İsrail müharibəsinə toxunaraq, onun “erkən tezliklə çatmasının” enerji təchizatı, təchizat zəncirləri və ticarətdəki fasilələrin azaldılmasına kömək edəcəyini bildirdi. “Müharibənin hərtərəfli sona çatmasını ləngitmək dözülməzdir, hərbi əməliyyatların yenidən başlaması daha çox arzuolunmazdır və danışıqlarda israrlılıq isə xüsusilə vacibdir”, – deyə Çin lideri bildirib.

Si Cinpin dünyanın “cəngəllik qanunu”na doğru yuvarlanmaq riski ilə bağlı xəbərdarlıq edib və Rusiya ilə ardıcıl strateji koordinasiyaya çağırıb. Sonda bir sıra ikitərəfli sazişlərlə yanaşı, ölkələr arasında dostluq müqaviləsinin vaxtı uzadılıb.

Ümumiyyətlə, ABŞ və Rusiya liderlərini - münaqişə içində batmış iki ölkəni - cəmi bir neçə gün ərzində qəbul edən Si Cinpin üçün bu, böyük bir üstünlük idi, çünki o, bütün sahələrdə Çinin qlobal oyunçu kimi nüfuzunu gücləndirməyə çalışır.

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Seçilən
28
xalqqazeti.az

1Mənbələr