AZ

Bakı ilk dəfə bu şouya ev sahibliyi edəcək

Yazını böyüt
Yazını kiçilt

2026-cı ilin yayında Bakı Bulvarı ərazisində keçiriləcək “BULVAR SUMMER FEST” çərçivəsində paytaxt sakinləri və şəhər qonaqları tamamilə yeni əyləncə formatının şahidi olacaqlar. Festivalın əsas hadisəsi isə açıq havada ilk su sirk layihəsi olan “Bir axşam Sahildə” olacaq.

Hafta.az xəbər verir ki, 5 iyundan start götürən layihə birbaşa Qız Qalası qarşısında qurulacaq xüsusi səhnə ilə şəhərin mərkəzini böyük bir tamaşa məkanına çevirəcək. Su, musiqi, texnologiya və emosiyaların bir araya gəldiyi şou 75 dəqiqə ərzində tamaşaçıları fərqli bir dünyaya aparacaq.

Şounun əsas xətti romantik və emosional bir hekayəyə əsaslanır. Gecə Bakının bulvarında iki fərqli dünya qarşılaşır: biri azad ruhlu, romantik dəniz adamı, digəri isə öz dünyasının parlaq və əlçatmaz ikonası. Onların arasında sərhədlər, qaydalar və məsafələr olsa da, su, musiqi və şəhər onları birləşdirir. Hadisələr boyu qəhrəmanlar şübhələrdən, daxili seçimlərdən keçərək ən vacib həqiqətə - sevgiyə çatırlar.

Layihənin əsas fərqləndirici xüsusiyyətlərindən biri fəvvarələrin mürəkkəb quruluşuna malik xüsusi su manejidir. Şou proqramında dirəklərdə akrobatlar, “hula-hoop” çıxışları, cüt akrobatlar, jonglyorlar, ekvilibristlər və fəvvarələr fonunda hava gimnastları çıxış edəcəklər.
Layihə üzərində beynəlxalq komanda çalışır.

Şounun emosional xəttini isə canlı vokal tamamlayacaq. Səhnədə iki əsas vokalist - İsmail Zadə və Kəmalə Əliyeva çıxış edəcəklər. Onlar qəhrəmanların hisslərini yaşayaraq hekayənin əsas səslərinə çevriləcəklər.

Hər iki sənətçi uzun illərdir musiqi sahəsində fəaliyyət göstərirlər. Bu dəfə birlikdə tamaşaçı qarşısına çıxacaqlar.

Layihənin musiqi direktoru İslam Qəmbərovdur.

Musiqi konsepsiyası şou üçün xüsusi yazılmış orijinal saundtreklə yanaşı Azərbaycan musiqisinin sevilən hitlərini də bir araya gətirəcək.

Müğənnilərin obrazı üzərində Ləman Süleymanova çalışıb. Saç və makiyaj isə Elnur Cəfərov və Seva Həsənovaya həvalə edilib.

Seçilən
53
hafta.az

1Mənbələr