AZ

Orxan Məmmədov: Dayanıqlı və davamlı şəhərlər yalnız dövlət investisiyaları vasitəsilə qurula bilməz

BAKI, 21 may. TELEQRAF

Bu gün dayanıqlı və davamlı şəhərlər yalnız dövlət investisiyaları və siyasət çərçivələri vasitəsilə qurula bilməz.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov WUF13 çərçivəsində keçirilən “Davamlı, inklüziv və möhkəm şəhərlərin yaradılmasında mühüm töhfə verən KOBİ-lərin gücləndirilməsi” adlı tədbirdə çıxışında deyib.

“Sahibkarlar, startaplar, texnologiya təminatçıları, memarlar, şəhər innovatorları və infrastruktur inkişaf etdiriciləri gələcək nəsillər üçün daha ağıllı, daha yaşıl və daha inklüziv şəhərlərin yaradılmasında mühüm rol oynayır.

Azərbaycan artıq bu istiqamətdə mühüm irəliləyişlər əldə edir. Genişmiqyaslı şəhər transformasiya layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl sahələrin genişləndirilməsi, şəhər infrastrukturunun modernləşdirilməsi və azad edilmiş ərazilərdə dayanıqlılıq prinsiplərinə əsaslanan yenidənqurma işləri ölkənin innovativ və gələcəyə yönəlmiş şəhər planlaşdırmasına sadiqliyini nümayiş etdirir.

Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma təşəbbüsləri qeyd olunmalıdır. Bu ərazilərdə tamamilə yeni məskunlaşma sahələri ağıllı texnologiyalar, bərpa olunan enerji həlləri, müasir infrastruktur və ekoloji cəhətdən dayanıqlı memarlıq standartları əsasında qurulur”, - deyə o qeyd edib.

Seçilən
37
4
teleqraf.com

10Mənbələr