AZ

Anaklaudia Rossbax: Sürətli urbanizasiya su resursları üzərində ciddi təzyiq yaradır

​“Hazırda biz su təminatında ciddi çətinliklər çəkirik və bu forum ərzində bu mövzunu geniş müzakirə etdik. Əsas problem ondan ibarətdir ki, urbanizasiya və planlaşdırma təbiətlə uzlaşmır. Biz əhali artımından daha çox, ərazilərin plansız genişlənməsi prosesini yaşayırıq".

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “2026-cı il Su Konfransı: Şəhər mənzillərinin yol xəritəsi" mövzusuna həsr olunmuş tədbirdə bildirib.
O bildirib ki, bu vəziyyət su da daxil olmaqla bütün təbii resurslarımız üzərində nəhəng təzyiq yaradır:
"Əgər biz şəhərsalmanı düzgün idarə etsək və urbanizasiyanın əsas hərəkətverici qüvvəsi olan mənzil sektorunu nizama salsaq, bu kritik təbii sərvəti avtomatik olaraq qorumuş olacağıq”.

​A.Rossbax qeyri-formal yaşayış məntəqələrinin və düşərgələrin transformasiyasının ətraf mühit üçün əhəmiyyətinə diqqət çəkib:

​“İnsanları müvəqqəti düşərgələrdən və qeyri-formal məskunlaşma sahələrindən müasir mənzillərə köçürə bilsək, su şəbəkələri ilə mənzil mühiti arasındakı bağlantını birbaşa təmin edəcəyik. Bu məsələlər ənənəvi olaraq birbaşa su sektoru ilə bağlı görünməyə bilər, lakin UN-Habitat məhz burada mühüm töhfə verə bilər. Biz ekoloji və sosial baxımdan daha dayanıqlı torpaq siyasəti hazırlamalı və şəhərlərimizin böyüməsinin su mənbələrinə necə təsir etdiyini nəzarətdə saxlamalıyıq”.
​Miqrasiya axınlarının və ikinci dərəcəli (sub-regional) şəhərlərin böyümə sürətinə toxunan BMT rəsmisi çoxsəviyyəli idarəetmə modelinin vacibliyini vurğulayıb:
​“Hazırda böyük metropollarla yanaşı, ikinci dərəcəli şəhərlər də sürətlə böyüyür. Miqrasiya axınları və köç dalğaları ilkin olaraq məhz bu şəhərlərdə cəmləşir. Buna görə də biz yeni strateji planımızda yerli hökumətlərin və regional bələdiyyələrin rolundan bəhs edirik. Su ehtiyatlarının idarə edilməsi və su təchizatı məsələsində çoxsəviyyəli idarəetmə mexanizminin qurulması mütləqdir. Çünki su resursları heç bir inzibati sərhəd tanımır və bütöv bir qlobal yanaşma tələb edir”.

Seçilən
14
teleqraf.com

1Mənbələr