Baş planların hazırlanması adətən uzun saatlar, günlər, bəzən isə aylarla davam edən müzakirələr, beyin fırtınası və beynəlxalq ictimaiyyətlə intensiv əməkdaşlıq tələb edir ki, ən düzgün yanaşma müəyyənləşdirilsin.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Şəhərsalmanın Yenidən Qurulması: Azərbaycanda şəhər transformasiyası üçün innovasiya laboratoriyasını necə yaratdı" mövzulu sessiyada çıxışında bildirib.
Onun sözlərinə görə, müharibədən sonrakı reabilitasiya və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində vaxt məhdudiyyəti olduğuna görə Azərbaycan prosesi eyni zamanda həyata keçirərək öyrənməli və onun gedişində təcrübə qazanmalı olub:
"Bu baxımdan, Prezident İlham Əliyev və hökumət tərəfindən başlanğıcdan tətbiq edilən bəzi mexanizmlər prosesin düzgün istiqamətləndirilməsi üçün olduqca faydalı oldu. İlk olaraq xüsusi bir qurum - Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi Əlqələndirmə Qərargahı yaradıldı. Bu qərargaha demək olar ki, bütün nazirlər və dövlət qurumlarının rəhbərləri daxil idi və o, azad edilmiş ərazilərdə həyata keçirilən bütün proseslərə nəzarət edən paralel idarəetmə mexanizmi kimi fəaliyyət göstərirdi.
Bu qurum yalnız formal koordinasiya strukturu deyildi. Əksinə, çox canlı fəaliyyət göstərən, müxtəlif işçi qruplarını bir araya gətirən və bu gün də əməkdaşlığını davam etdirən çevik bir mexanizm idi. Bütün bu sistem çox qısa müddət ərzində formalaşdırıldı.
Eyni zamanda planlaşdırıcılar, memarlar və icraedici qurumlar - istər dövlət, istərsə də tikinti prosesinə cəlb olunmuş özəl şirkətlər arasında çox operativ əlaqələndirmə mexanizmi yaradıldı".
Aydın Kərimov bildirib ki, paralel olaraq, bu prosesin mümkün qədər şəffaf aparılmasına xüsusi diqqət yetirilib.
"Açıq tender prosedurları tətbiq olundu, çoxsaylı media nümayəndələri və ziyarətçilər bölgələrə səfər etdilər. Şuşa bu baxımdan geniş diqqət görən ilk şəhərlərdən biri oldu.
Milli irsin qorunması tələblərinə cavab vermək əsas prioritetlərdən biri idi və bu, memarlıq üslubunu da əhatə edirdi. Əgər Şuşadakı yaşayış komplekslərinə baxsanız, binaların fasadlarında tamamilə fərqli və maraqlı memarlıq yanaşmasının tətbiq olunduğunu görərsiniz. Burada yerli daş karxanalarından əldə edilən daşlardan istifadə olunub ki, onların tapılması da asan deyildi.
Eyni zamanda bu istiqamətdə müəyyən eksperimentlər də aparılırdı və bu daha çox dizayn yanaşması ilə bağlı idi. Fasadların daha estetik görünməsi məqsədilə Şəhərsalma və Memarlıq Komitəsinin dəstəyi ilə yeni standartlar hazırlandı və artıq uğurla tətbiq edilir. Nəticədə binalar həm estetik baxımdan cəlbedici görünür, həm də funksional yaşayış mühiti yaradır. Bu əraziləri yüksək səviyyəli qonaqlar ziyarət edir, sakinlər isə orada rahat və komfortlu həyat sürərək yaşayış şəraitindən məmnun qalırlar", - o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı - İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.