AZ

Sloveniyada əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin xatirəsi anılıb

Vyana, 21 may, AZƏRTAC

Sloveniyanın Nova Qoritsa şəhərində Azərbaycan və Sloveniya xalqlarının igid oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin – Mixaylonun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sloveniyadakı səfirliyi tərəfindən təşkil olunan tədbir çərçivəsində Mehdi Hüseynzadəyə həsr olunmuş sərgi də nümayiş etdirilib.

Tədbirin açılış mərasimi Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsində baş tutub. Tədbir iştirakçıları Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklillər qoyub, Mixaylonun xatirəsinə yaradılmış muzeylə tanış olublar. Muzeyə yerli heykəltəraş tərəfindən iki xalq arasında dostluq münasibətlərini və Mixaylonun xatirəsini simvolizə edən daş eksponat hədiyyə edilib.

Azərbaycan və Sloveniyanın Dövlət himnləri səsləndirildikdən sonra Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli, Sloveniya Milli Assambleyasının deputatı Martin Premk, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Kompara və Nova Qoritsa şəhər merinin müavini Tomaj Horvat çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin çıxışlarında Mixaylonun xatirəsini ehtiramla yaşatdığına görə Sloveniya dövlətinə və xalqına təşəkkür ifadə olunub. Bildirilib ki, Azərbaycan və Sloveniya nümayəndələrinin Nova Qoritsada bir araya gələrək əfsanəvi partizan Mixaylonun xatirəsini yad etməsi artıq uzun illərdir gözəl ənənəyə çevrilib. Sloveniyada Mehdi Hüseynzadənin memorial muzeyinin fəaliyyət göstərməsi və abidəsinə daim diqqət yetirilməsi xalqımız üçün qürur mənbəyi kimi qiymətləndirilib.

Tədbir iştirakçılarına Prezident İlham Əliyevin tapşırığı ilə 2007-ci ildə Şempasda Mehdi Hüseynzadənin abidəsinin ucaldılması, 2011-ci ildə isə onun xatirəsinə muzeyin yaradılması barədə məlumat verilib.

Milli Məclis sədrinin müavini Rafael Hüseynov çıxışında İkinci Dünya müharibəsi illərində Mehdi Hüseynzadə ilə yanaşı, digər azərbaycanlıların da bu ərazilərdə döyüşdüyünü və qələbəyə töhfə verdiyini bildirib, aparılmış araşdırmalar barədə məlumat verərək iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəm təməllərə söykəndiyini vurğulayıb.

Səfir Rövşən Sadıqbəyli isə Sloveniyada Mehdi Hüseynzadənin xatirəsinə göstərilən hörmətin iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafına xidmət etdiyini bildirib. O, bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib və Sloveniyanın aparıcı televiziya kanallarından biri olan “RTV SLO” tərəfindən Mehdi Hüseynzadə haqqında sənədli filmin hazırlanmasının gənclər arasında Mixaylo barədə məlumatlılığın artmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Sloveniya nümayəndələri çıxışlarında Azərbaycan və Sloveniya arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğunu qeyd edib, Mehdi Hüseynzadə kimi qəhrəman oğula görə Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Mixaylo uzaq Azərbaycandan gələrək Sloveniyanın azadlığı uğrunda döyüşüb və bu yolda həyatını fəda edib. Bildirilib ki, Azərbaycan və Sloveniya xalqları arasındakı dostluq münasibətlərində Mixaylo fenomeni xüsusi yer tutur.

Sloveniya Milli Assambleyasının, Xarici və Avropa İşləri Nazirliyinin nümayəndələrinin, müxtəlif regionlardan gələn ziyalıların, Nova Qoritsa Universitetinin rektorunun, Sloveniya Müftiliyinin, eləcə də Sloveniyadakı Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təmsilçilərinin iştirak etdiyi tədbir yerli ictimaiyyət nümayəndələrinin hazırladığı mədəni proqramla davam edib. Yerli məktəblilər Sloveniyanın azadlığı uğrunda döyüşmüş qəhrəmanların şərəfinə mahnılar, şeirlər və musiqi nömrələri təqdim ediblər.

Tədbir iştirakçıları Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə döyüşdə həlak olduğu Vitovlye kəndini də ziyarət edərək xatirə lövhəsi önünə əklillər qoyublar.

Daha sonra nümayəndə heyəti Trnovo Memorial Parkına baş çəkərək İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsinə ucaldılmış memorial lövhə önünə əklillər düzüb.

Sonda Çepovan qəsəbəsində Mehdi Hüseynzadənin məzarı ziyarət olunub, qəhrəmanın xatirəsi ehtiramla yad edilib.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Seçilən
39
azertag.az

1Mənbələr