AZ

Trampın milyard dollarlıq fondu Vaşinqtonda qalmaqal yaratdı



ABŞ-da Donald Tramp administrasiyasının federal hökumət tərəfindən haqsız şəkildə hədəf alındığını düşünən şəxslər üçün yaratdığı 1,776 milyard dollarlıq kompensasiya fonu həm demokratların, həm də bəzi respublikaçıların sərt reaksiyası ilə qarşılaşıb.

Respublikaçı Konqres üzvü Brian Fitzpatrick jurnalistlərə açıqlamasında fondun qarşısını almaq üçün hüquqi yolları araşdırdıqlarını bildirib. O qeyd edib ki, belə bir mexanizmin fəaliyyət göstərməsinə icazə verilə bilməz və məsələnin hüquqi tərəfləri hazırda detallı şəkildə öyrənilir.

Sözügedən fond Donald Tramp ilə ABŞ Daxili Gəlirlər Xidməti (IRS) arasında əldə olunan razılaşmanın bir hissəsi kimi yaradılıb. Razılaşmaya əsasən, Tramp sızdırılmış vergi bəyannamələri ilə bağlı IRS-ə qarşı açdığı 10 milyard dollarlıq iddiadan könüllü şəkildə imtina edib. Əvəzində isə dövlətin silah kimi istifadə olunması nəticəsində zərər gördüyünü iddia edən şəxslər üçün xüsusi fond təsis olunub.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, fond hüquq-mühafizə və dövlət qurumlarının fəaliyyəti nəticəsində zərər çəkdiyini bildirən şəxslərə həm rəsmi üzrxahlıq məktubları təqdim etmək, həm də maliyyə ödənişləri həyata keçirmək səlahiyyətinə malik olacaq.

Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri müraciət edənlər üçün hər hansı partiya mənsubiyyəti tələbinin olmayacağını desələr də, tənqidçilər bunu Tramp tərəfdarlarına maliyyə dəstəyi vermək üçün örtülü mexanizm kimi qiymətləndirirlər.

Xüsusilə 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum hadisələrində iştirak etmiş və məhkum olunmuş şəxslərin də bu fondan yararlana biləcəyi ehtimalı ciddi narahatlıq doğurub. Həmin gün Konqresi qoruyan keçmiş polis əməkdaşları Harry Dunn və Daniel Hodges məhkəməyə müraciət edərək bildiriblər ki, belə bir fond keçmiş və gələcək zorakılıq iştirakçılarına yanlış mesaj verə bilər.

ABŞ Ədliyyə nazirinin səlahiyyətlərini icra edən Todd Blanche Senatda keçirilən dinləmələr zamanı bildirib ki, Oath Keepers kimi radikal qrupların üzvlərinin və ya Trampın kampaniya donorlarının fonda müraciət etməsini istisna etmək mümkün deyil. Onun sözlərinə görə, müraciət hüququnun sərhədlərini müəyyən etmək komissiyanın səlahiyyətindədir.

Demokrat Konqres üzvü Jamie Raskin isə federal vəsaitlərin bu fond üçün istifadəsini qadağan edən yeni qanun layihəsi təqdim edib. Layihədə 6 yanvar hadisələrinə görə məhkum olunmuş şəxslərin kompensasiya almasının qarşısının alınması da nəzərdə tutulur.

Raskin yazılı açıqlamasında Trampı təxminən 1,8 milyard dollarlıq vergi ödəyicisi vəsaitini gizli fonda çevirməkdə ittiham edib. O vurğulayıb ki, federal büdcə vəsaitlərinin ayrılması səlahiyyəti yalnız Konqresə məxsusdur və Konqres bu məqsədlə heç bir maliyyə təsdiqləməyib.

İmzalanmış memorandumda gələcəkdə Trampın vergi bəyannamələrini araşdırmasının və onun ailəsi və biznesi ilə bağlı müəyyən sorğular aparmasının da qadağan edildiyi qeyd olunub.

Brian Fitzpatrick isə gələcəkdə belə halların qarşısını almaq üçün qanunvericilik təşəbbüslərinin hazırlanacağını bildirib.

Arzuman Loğmanoğlu
Sozcu.info



Seçilən
3
aia.az

1Mənbələr