Bakı, 21 may, AZƏRTAC
Liberiyanın şəhər siyasətinə və problemlərinə nəzər saldıqda, əsas statistik göstəriciləri qeyd etmək vacibdir. Hazırda ölkəmizin əhalisi təxminən 5,8 milyon nəfərdən ibarətdir və onların 1,5 milyonu paytaxt Monroviyada yaşayır. Eyni zamanda əhalimizin 70 faizi gənclərdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İqlim Fəaliyyətləri Naminə Liberiya Gəncləri” təşkilatının təsisçisi Ezekiel Nyanfor Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda sessiya deyib.
O bildirib ki, kənd yerlərindən paytaxta miqrasiya nəticəsində Monroviya üzərində böyük təzyiq yaranır: “Liberiyada qarşılaşdığımız əsas problemlər arasında qeyri-rəsmi yaşayış məntəqələri, güclü yağışlar və daşqınlar, sahələrin eroziyası, tullantıların idarə olunması çətinlikləri və yaşıl sahələrin azlığı yer alır. Hökumətimiz 2025–2029-cu illəri əhatə edən “İnklüziv İnkişaf Gündəliyi” Proqramını qəbul edib. Bu sənəd sanitariya, infrastruktur, dayanıqlılıq və inklüziv inkişaf məsələlərinə fokuslanır”.
Təşkilat rəhbəri WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bu kimi tədbirlər təcrübə mübadiləsi aparmaq və yeni texnologiyaların tətbiqini genişləndirmək imkanı verir”.
Ezekiel Nyanfor Azərbaycan gəncləri və QHT-ləri ilə əlaqələrin qurulduğunu, gələcəkdə müxtəlif sahələrdə əməkdaşlıq edəcəklərini vurğulayıb.