Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Day.Az-a bildirilib ki, məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 402-ci maddəsinin və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Ş.Yusifovun rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin I və II hissələrinin, Mülki Məcəllənin 402-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 402-ci maddəsi ilə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsi arasında ziddiyyət mövcud deyil.
İlkin müqavilə üzrə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsi ilə nəzərdə tutulmuş qaydada həmin müqavilə üzrə öhdəliyin icrasının təmini xarakterli və ya əsas müqavilənin bağlanılmasının təşkil edilməsi üçün zəruri olan xərclərə dair ödəniş həyata keçirilə bilər.
İlkin müqavilə ilə bağlı mübahisələrə baxılarkən həmin müqavilənin bağlanılmasında iştirak edən subyektlərin həqiqi iradə və niyyətləri Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb müvafiq nəticəyə gəlinməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.