AZ

Fariz Əzizov: Ziya Bünyadov prospektinə paralel çəkilən yol layihəsinin 50 faizi icra olunub

Bakı, 21 may, AZƏRTAC

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel şəkildə “Koroğlu” metro stansiyasına qədər uzanacaq yeni avtomobil yolu layihəsi üzrə işlərin təxminən 50 faizi tamamlanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin İnstitusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni inkişaf dövrünə” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində 4 tunel, yeraltı piyada keçidi və alternativ şərq-qərb şəhər əlaqələrinin yaradılmasına xidmət edən fasiləsiz hərəkət həlləri nəzərdə tutulur.

“Layihə Heydər Əliyev prospekti və Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmaqla yanaşı, şəhərin müxtəlif hissələri arasında mobillik balansının yaxşılaşdırılmasına xidmət edəcək. Hazırda agentlik tərəfindən ümumilikdə 26 iri yol infrastrukturu layihəsi həyata keçirilir və onlardan bir neçəsində aktiv tikinti işləri aparılır. Strateji əhəmiyyət daşıyan layihələrdən biri Bilgəh–Novxanı–Pirşağı–Sumqayıt avtomobil yoludur. Bu layihə M1 Bakı–Quba magistral yolunu M4 Bakı–Şamaxı magistralı ilə birləşdirəcək və regional nəqliyyatın şəhər mərkəzinə daxil olmadan hərəkət etməsinə imkan yaradacaq. Layihə Abşeronun şimal-şərq yaşayış məntəqələrində yaşayan sakinlərin və logistik yük axınlarının mərkəzi Bakıya daxil olmadan şimal və qərb istiqamətlərinə çıxışını təmin edəcək. Bu yanaşma nəqliyyat sıxlığının azalmasına, logistikanın sürətlənməsinə, vaxt itkisinin minimuma endirilməsinə və paytaxt üzərində ekoloji yükün azalmasına töhfə verəcək”, – deyə Fariz Əzizov bildirib.

Müxbir-Vüqar Qurbanoğlu
Fotoqraf-Aydın Oqtayoğlu
Operator-Şövqi Əzizov
Seçilən
43
azertag.az

1Mənbələr